Vankuver şəhəri premium daşınmaz əmlak üzrə qiymət artımında liderdir

Vankuver şəhəri premium daşınmaz əmlak üzrə qiymət artımında liderdir
11:58 13 Noyabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Beynəlxalq konsaltinq şirkəti olan “Knight Frank” Dünya üzrə premium daşınmaz əmlakın 2015-ci ilin 3-cü rübü üzrə indeksini açıqlayıb. İndeks dünyanın 34 şəhəri üzrə premium daşınmaz əmlakın qiymət dinamikasını izləyir.
AZƏRTAC “AS Group İnvestment” şirkətinə istinadla xəbər verir ki, 1-ci yeri Kanadanın Vankuver şəhəri tutub. Bu şəhərdə keçən ilin sentyabrından bu ilin sentyabrına kimi qiymət artımı 20,4 faiz təşkil edib. Xatırladaq ki, Vankuver artıq ikinci ildir ki, qiymət artımına görə liderdir.
İkinci yerin sahibi Avstraliyanın Sidney şəhəri olub. Burada illik qiymət artımı 13,7 faiz təşkil edib. Qiymət artımının səbəbləri arasında Avstraliya dollarının zəif olması, tikinti templərinin aşağı olması və yerli iqtisadiyyatın güclü olmasıdır.
Ən nəhayət 3-cü yeri tutan Şanxayda qiymət artımı 10,7 faiz təşkil edib. Burada elit səviyyəli daşınmaz əmlakın qiyməti hökumətin fiskal tədbirləri tətbiq etməsi, o cümlədən vergilərin artırılması və faiz dərəcələrinin aşağı salınması fonunda artmaqda davam edir.
İlk beşlikdə Cakarta və Melburn şəhərləri də yer alıb. Burada eyni qiymət artımı (9,4 faiz) qeydə alınıb.
Keçmiş SSRİ şəhərləri arasında reytinqdə yalnız Moskvanın göstəriciləri yer alıb. Belə ki, Rusiyanın paytaxtı reytinqdə 32-ci yerdədir. Burada qiymət enməsi 3,8 faiz təşkil edib. Moskvada elit səviyyəli mənzillərin bir kvadrat metrinin orta qiyməti 14250 dollar təşkil edir.
Dünya regionları arasında qiymət artımına görə lider Avstraliyadır. Burada qiymət artımı 11,6 faiz təşkil edir, ikinci yerdə 8,5 faizlə Şimali Amerika yerləşib. Avropada isə bir il ərzində orta qiymət artımı 0,8 faiz təşkil edib. Amma burada qiymət artımı regionlardan asılı olaraq dəyişir.
ABŞ dollarının məzənnəsi artdıqca, premium daşınmaz əmlak investorların diqqət mərkəzində olacaq. Hazırda Yunanıstan və Avropada müşahidə olunan mürəkkəb vəziyyətdən daha çox Çində iqtisadi artım templərinin azalması narahatlıq doğurur. Amma “Knight Frank”ın qənaətinə görə, Çin investorları xarici daşınmaz əmlak bazarlarına, o cümlədən Böyük Britaniya, ABŞ, Kanada və Avstraliyaya yatırım etməyi davam edəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vankuver_seheri_premium_dasinmaz_emlak_uzre_qiymet_artiminda_liderdir-901639

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR