Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileyləri UNESCO-da qeyd olunacaq

Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileyləri UNESCO-da qeyd olunacaq
01:18 14 Noyabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Paris, 14 noyabr, AZƏRTAC 
2016-2017-ci illərdə UNESCO-nun yubileylər proqramı çərçivəsində təşkilatın baş qərargahında Azərbaycanın görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileylərinin qeyd edilməsinə dair təklifləri qəbul olunub.
Qazaxıstan, İran və Türkiyənin dəstəyi ilə ölkəmizin təklifi əsasında görkəmli şair və filosof İmadəddin Nəsiminin anadan olmasının 600 illik, Qazaxıstan və Türkiyənin dəstəyi ilə Molla Pənah Vaqifin 300 illik, eləcə də Cənubi Qafqazda alman yaşayış məntəqələrinin 200 illik yubileyləri qeyd ediləcək. Sonuncu yubiley təklifi Almaniyanın dəstəyi ilə Azərbaycan və Gürcüstan tərəfindən birgə təqdim edilib. Bununla bağlı müvafiq qərar UNESCO-nun baş konfransının 38-ci sessiyası çərçivəsində qəbul olunub.
Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin qeyd edilməsinin UNESCO tərəfindən qəbul olunması Mədəniyyət və Turizm Nazirliyi, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və UNESCO yanında daimi nümayəndəliyimizin birgə fəaliyyəti nəticəsində mümkün olub.
UNESCO 1956-cı ildən etibarən görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileylərini qeyd edir. İndiyədək Məhəmməd Füzuli, Nəsirəddin Tusi, Məhsəti Gəncəvi, Seyid Yəhya Bakuvi, Yusif Məmmədəliyev, Mircəlal Paşayev, Musa Əliyev, Səttar Bəhlulzadə kimi dahi şəxsiyyətlərin, eləcə də “Kitabi- Dədə Qorqud” dastanı, “Leyli və Məcnun”, “Arşın mal alan” operalarının yubileylərinin UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd edilməsinə nail olunub.
2013-2014-cü illər ərzində Məhsəti Gəncəvinin anadan olmasının 900 illiyi, Üzeyir Hacibəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illiyi, Seyid Yəhya Bakuvinin 550 illiyi, yazıçı və dramaturq İlyas Əfəndiyevin 100 illiyinə həsr olunmuş tədbirlər UNESCO-nun baş qərargahında uğurla təşkil edilib.
Yubileylər proqramı çərçivəsində keçirilən tədbirlər ölkəmizin zəngin mədəniyyətinin UNESCO tərəfindən tanınmasına və Azərbaycanın görkəmli şəxsiyyətləri və əlamətdar hadisələri barədə geniş auditoriyaya məlumatın çatdırılmasına imkan yaradır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_gorkemli_sexsiyyetlerinin_yubileyleri_UNESCO_da_qeyd_olunacaq-901994

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR