Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri, professor, YAP-ın qurucularından olan "Şöhrət" ordenli Şahlar Əsgərov koordinat.az saytına müsahibəsində Azərbaycan Milli Elmlər Akadaemiyası və ölkəmizdə elmin vəziyyəti barədə diqqətçəkən açıqlamalar verib.

Şahlar Əsgərov bildirib ki, artıq Azərbaycanda da yeni universitetlər var. Amma köhnə düşüncə və tərbiyə sistemi hələ alimlərin beynindədir. İndi də universitet müəllimləri istəyər ki, tələbəsi onunla üzbəüz söhbət edəndə pencəyinin düyməsini bağlasın və dik dursun. Yəni tələbə müəllimin qabağında əmrə müntəzir olsun. Amma Qərbdə belə düşüncə yoxdur, tələbələr də müəllimləri qədər azaddır: "Mən bu yaxınlarda Bakıdakı universitetlərin birində olarkən gördüm ki, rektor orada təhsili nizama salmaq üçün çox çalışır. Amma təhsil o qədər qarışıb, o qədər mürəkkəbləşib və kif tutub ki, rektor universiteti bu kifdən təmizləyə bilmir. Niyə? Ona görə ki, universitet-ölməz qurum ölənə-uzun müddət burada rektor işləyən adama qurban verilibmiş. Çünki bir adam universitetə rektor qoyulur və ölənə qədər də həmin vəzifədə işləyir. Heç kəs anlamaq istəmir ki, bu cür idarəçiliklə təhsil sistemini inkişaf etdirmək, universitet qurmaq və yaxşı təhsil ənənələrini yaşatmaq olmaz.

Bir çoxları anlayır ki, ali məktəb rəhbərləri bu vəzifəyə seçki yolu ilə gəlsə, yaxşıdır. Amma biz hələ bunu qəbul edə bilmirik. Hələ biz qəbul edə bilmirik ki, rektorlar 5 ildən bir seçilsə, yaxşıdır".

Sabiq deputat onu da deyib ki, elmdə də təsadüfi adamlar çoxdur. Bəzi alimlər atasının, o birisi qohumunun, digəri başqa bir himayədarın diktəsi ilə elmə gəlib: "Yəni belələri öz həyatını elmə yox, elmi öz həyatına qurban verirlər. "80-20" adlı Pareto qanunu var. Bu qanuna görə alimlərin 20 faizi elmi nəticələrin 80 faizini alırlar. Yerdə qalan 80 faiz alim isə 20 faiz nəticə alır. Ona görə müsəlman dünyasında bu nisbət bir az da arzuolunmaz şəkildədir. Həmişə həqiqi alimlər basqı altındadır".

Ş.Əsgərov Milli Elmlər Akademiyasının adındakı "milli" sözünün götürülməsinin məntiqli olduğunu da qeyd edib: "Azərbaycan Elmlər Akademiyası 1945-ci ildə yaradılarkən bu qurumun M.Mirqasımov, Yusif Məmmədəliyev, Ü.Hacıbəyov, Mirzə İbrahimov, Səməd Vurğun, M.Topçubaşov, Heydər Hüseynov, M.Qaşqay kimi şəxslərdən ibarət 15 üzvü olub. İnkişafın məntiqinə görə indiki akademiklər bunlardan daha qüdrətli olmalıdırlar. Hər kəs bugünkü akademikləri 1945-ci ilin akademikləri ilə müqayisə edib obyektiv nəticə çıxara bilər. Bizim neft alimlərimiz dənizdən neft tapdılar və SSRİ dövlətindən mükafat aldılar. Bu saat bizim hər birimizin hökumətdən aldığımız əməkhaqqı həmin alimlərin əməyinin nəticəsidir. Amma elm tarixi ilə bağlı kitabları axtarsaq, bəlkə də həmin alimlərin adlarını belə, o kitablardan tapa bilməyəcəyik. Ümumiyyətlə, mən Elmlər Akademiyasının adının qarşısında "milli" sözünün yazılmasını düzgün hesab etmirəm.

Çünki 150 il öncə Anton Çexovun bir kəlamında deyilir ki, milli vurma cədvəli olmadığı kimi, milli elm də yoxdur. Nə millidirsə, o, elm deyil. Mənim bu fikrimə qarşı əks arqument bu olar ki, biz Azərbaycan millətindən olan və ölkəmizdən kənarda yaşayan alimləri də akademiyanın himayəsi altına alırıq. Bəs onda dünyaca şöhrəti olan Abbas Çayxorski, Əli Cavan, Əli Əmraslanovun adları "Akademiyanın dəftəri"ndə niyə yoxdur? ABŞ-da yaşayan Əli Cavan Nobel mükafatının bir addımlığında olmuşdur. SSRİ EA-nın ilk azərbaycanlı üzvü (1952 il), Stalinin geologiya üzrə müşaviri olmuş Əli Əmiraslanov haqqında da akademiyanın tarixi ilə bağlı kitablarda məlumat yoxdur. Demək istəyirəm ki, akademiya dəyərli üzvlərinin və dəyərli alimlərin qayğısına qalmağı bacarmalıdır. Onda gənclik elmin dalınca gedər".

"Müdriklik çatışmır. Məncə, elm bizdə dərk olunmayan həqiqətdir. Elm bizdə dərk olunmuş həqiqət olsaydı, milyonlarla pul xərcləyib Hollandiyadan qızılgül almazdıq. Çünki Azərbaycanın hər yerində, o cümlədən Abşeronda qızılgül bitir. Bu səbəbdən də biologiya elmi axsayır. Təxminən 2-3 ay əvvəl İsrailin keçmiş prezidenti 92 yaşlı Şimon Peres Ukraynada maraqlı bir müsahibə vermişdi. Peres yəhudi əsilli Şərq adamı olduğundan, kifayət qədər müdrik fikirlər söyləmişdi. O demişdi ki, İsrail düşmən qonşuların əhatəsində olduğu üçün bizim elmimiz müdafiəyə işləyir. İndi Azərbaycanın qonşuları bizim üçün azmı təhlükəlidir?! Axı biz də 20 ildən artıqdır müharibə şəraitində yaşayırıq, torpaqlarımız işğal altındadır, düşmənlərimiz də dostlarımızdan çoxdur. Onda Azərbaycan elmi niyə özümüzün müdafiəmizə işləmir? Elə İsrailin bu təcrübəsini də köçürüb özümüzdə tətbiq edək də. Bəs niyə eləmirik? Səbəbi düşüncə tərzindədir. Dövlət işi elə adama tapşırılmalıdır ki, o, ümumi mənafeni şəxsi mənafedən üstün tutur".

Milli.Az