Ağdam, 14 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunun cəbhə zonasında yerləşən Çəmənli kəndində əsaslı təmir olunan uşaq bağçası və yeni inşa edilən kitabxana istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər kənd sakinlərini, uşaqları, onların valideynlərini, bağça kollektivini təbrik edib, uşaqlara ölkəmiz üçün layiqli övlad olmalarını arzulayıblar.
Ölkəmizdə uşaqların hərtərəfli qayğı ilə əhatə olunduğunu, keyfiyyətli təhsil və tibbi xidmətlərlə təmin edildiyini diqqətə çatdıran rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov bildirib ki, respublikamızın hər yerində olduğu kimi, Ağdam rayonunda da uşaq bağçalarının, orta məktəblərin, kitabxanaların tikintisi və yenidən qurulması istiqamətində tədbirlər uğurla icra olunur.
Çıxış edən ictimaiyyət nümayəndələri, kənd sakinləri göstərilən qayğıya görə ölkə rəhbərliyinə və tikintidə əməyi olanlara minnətdarlıqlarını bildiriblər.
Tədbirdə uşaqların ifasında musiqi nömrələri nümayiş olunub.
Sonra mərasim iştirakçıları uşaq bağçasında və kitabxanada yaradılan şəraitlə tanış olublar.
Yetmiş çarpayılıq uşaq bağçasında uşaqların təlim-tərbiyəsi, ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı üçün hər cür şərait yaradılıb. Otaqlar bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub.
Kənd oxucuları isə yeni inşa olunan kitabxananın xidmətindən yararlanacaqlar. Dörd min nüsxədən çox kitab fonduna malik kitabxana yeni kitab rəfləri, stol və stullar, digər zəruri ləvazimatlarla təmin edilib.



