Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycanda səfərdə olan Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvləri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfər edib, burada yaradılmış şəraitlə tanış olublar.
“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, komplekslə tanışlıq çərçivəsində qonaqlara məlumat verilib ki, 2011-2015-ci illərdə tikilmiş qurğunun məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetrdir. Kompleks Ceyranbatan gölündən suyun götürülməsi məqsədilə tikilən hidrotexniki qurğular, sutəmizləyici qurğunun özü və onun köməkçi infrastrukturu, emal olunan suyun optimal paylanması məqsədilə relyef baxımından hündürlükdə yerləşən anbarlardan və qurğudan anbara qədər magistral kəmərdən ibarətdir. Qurğuda 5280 ədəd membran tipli süzgəc quraşdırılıb. Süzgəclərdə emal prosesi heç bir kimyəvi təmizlənmə aparılmadan mexaniki üsulla həyata keçirilir və istehlakçılara verilən suyun təbii mineral tərkibi tam qorunub saxlanılır. Qonaqların diqqətinə çatdırılıb ki, burada tam qapalı, avtomatik rejimdə təmizlənən su Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların qəbul etdiyi standartlara tam cavab verir.
Məlumat verilib ki, kompleksin ayrı-ayrı hissələrinin tikintisi və quraşdırılmasına dünyanın bu sahədə məşhur ixtisaslaşmış şirkətləri, həmçinin 30-dək yerli podratçı təşkilat cəlb olunub.
Böyük Britaniya Parlamentinin üzvləri komplekslə tanışlıq çərçivəsində idarəetmə mərkəzi - SCADA otağında olub və qurğunun idarə olunma prosesini izləyiblər.
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi qonaqların böyük marağına səbəb olub və onlar xatirə kitabına ürək sözlərini yazıblar.

