Şamaxı, 16 noyabr, Adil Ağayev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyaların növbəti mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, layihə üzrə tərtib olunan səfər proqramına əsasən noyabrın 16-da Şamaxının 22 məktəbindən 35 nəfərlik qrup Quba rayonuna yola salınıb. Rayon rəhbərliyinin, təhsil işçilərinin, valideynlərin iştirak etdikləri yolasalma mərasimindən əvvəl tur-aksiya iştirakçıları şəhərin mərkəzindəki parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova Azərbaycanın bir parçası olan Quba rayonu, onun zəngin tarixi, bu günü barədə geniş bilgilər əldə etməyə imkan verəcək tur-aksiyanın əhəmiyyətindən, məktəblilərin vətənpərvərlik tərbiyəsindəki rolundan danışıb. Qeyd olunub ki, səfər çərçivəsində şagirdlər yolüstü “Qədim Şabran” şəhər qalıqları, Qubada Heydər Əliyev Mərkəzi və Gənclər Mərkəzi ilə tanış olacaq, Şahdağ Qış-Yay Turizm Kompleksinə ekskursiyalar təşkil ediləcək. Həmçinin şagirdlər Nəzrə kəndində “Şeyx Cüneyd” türbəsini, eləcə də Qusarın Tarix-Diyarşünaslıq muzeyini görəcək, geri qayıdarkən Xaçmazla da tanış olacaqlar.
Səfər proqramının zəngin olduğunu söyləyən müşayiətçi-müəllim Bahar Sadıqova AZƏRTAC-ın müxbirinə deyib: “Tur-aksiya çərçivəsində şagirdlər nəinki olacaqları rayonlar barədə ətraflı məlumatlandırılacaq, habelə onların gözəl istirahəti üçün də hər cür şərait nəzərdə tutulub. Məktəbliləri 4 müşayiətçi-müəllim, 1 həkim müşayiət edir.
Hər şeydən əvvəl uşaqlara qayğıdan, onların vətənpərvər ruhda tərbiyəsinə göstərilən diqqətdən irəli gələn bu təşəbbüsə görə Prezident İlham Əliyevə minnətdarıq”.
X X X
Şəmkir-Samux, 16 noyabr, Sabir Əliyev, AZƏRTAC
Noyabrın 16-dan 19-dək respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün təşkil ediləN “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində şəmkirli məktəblilər Lənkəran, Lerik və Astara rayonlarına yola düşüblər.
AZƏRTAC xəbər verir ki, rayondakı Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən yolasalma mərasimində rayon icra hakimiyyətinin, gənclər idarəsinin və təhsil şöbəsinin əməkdaşları ilə yanaşı, valideynlər də iştirak ediblər.
Mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək, ölkəmizdə gənc nəslin təlim-tərbiyəsində görülən işlərdən, eləcə də dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü və qayğısı ilə həyata keçirilən tur-aksiyanın əhəmiyyətindən danışıb.
Tərkibində 35 məktəblinin və 5 nəzarətçinin olduğu qrupun rəhbəri, Heydər Əliyev Mərkəzinin direktoru Məleykə Əlizadə uşaqların sevincini ifadə edərək deyib ki, bu tur-aksiyanın yeniyetmələr üçün çox böyük əhəmiyyəti olacaq. Onlar 4 gün müddətində respublikamızın cənub bölgəsi ilə yaxından tanış olacaq, tarixi, mədəni abidələr haqqında geniş məlumat əldə edəcəklər.
Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış xüsusi avtobuslara əyləşərək yola düşüblər.
Elə həmin gün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində samuxlu məktəblilər də Lənkəran-Lerik-Astara marşrutu üzrə ekskursiyaya yola salınıblar.
AZƏRTAC xəbər verir ki, rayonun ümumtəhsil məktəblərindən 35 şagirdin daxil edildiyi qrup dörd gün ərzində bölgənin mədəni-tarixi abidələri, müasir inkişafı ilə yaxından tanış olacaqlar.
Qrupun rəhbəri, rayon icra hakimiyyətinin əməkdaşı Faiq Həsənov belə bir tədbirin keçirilməsini müsbət dəyərləndirərək AZƏRTAC-a deyib ki, ölkəmizin tarixini və adət-ənənələrini dərindən öyrənmək məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan məktəblilərin digər bölgələrə səyahətlərinin təşkil edilməsinin böyük əhəmiyyəti var. Bu səyahətlər zamanı onlar ölkəmizi daha yaxından tanıyır, Azərbaycan tarixini dərindən öyrənirlər.
Tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onlar üçün ayrılmış xüsusi avtobuslarla respublikamızın cənub bölgəsinə yola düşdülər.
X X X
Qazax-Ağstafa, 16 noyabr, Famil Quliyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Qazax rayonundan olan məktəblilər də Lənkəran rayonuna yola salınıblar.
Qrupun rəhbəri Rasim Carçıyev AZƏRTAC-a bildirib ki, səfərləri çərçivəsində məktəblilər cənub bölgəsində aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanış olacaq, rayonların sosial, mədəni həyatı ilə əyani şəkildə məlumat əldə edəcəklər. Həmçinin Lənkəranla yanaşı, Lerik və Astara rayonlarının tarixi abidələrini ziyarət edəcək, özlərinə yeni dostlar qazanmaq imkanı qazanacaqlar. Məktəblilərin 4 gün ərzində cənub bölgəsinə səfərləri çərçivəsində bir çox tarixi mədəniyyət abidələrinə, o cümlədən Hirkan Milli Parkına və Xanbulan gölünə də ekskursiyalar təşkil ediləcək.
Qazaxda Heydər Əliyev parkında yolasalma mərasiminin sonunda məktəblilər onlar üçün ayrılan avtobusla Lənkəran rayonuna yola salınıblar.
Ağstafa məktəbliləri də noyabrın 16-da “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyaya qoşulublar.
Lənkəran-Lerik marşrutu üzrə yola düşən qrupun rəhbəri, rayon təhsil şöbəsinin metodisti İmran Nəsibov AZƏRTAC-a müsahibəsində bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, “Ölkəmizi tanıyaq” devizi ilə tur-aksiyaya qoşulan ağstafalı şagirdlərin sevinclərinin həddi-hüdudu yoxdur. Adətən şagirdlər rayon daxilinə, ən yaxşı halda isə qonşu rayonlara ekskursiyalara gedirlər. Amma indi Prezident İlham Əliyevin tapşırığına əsasən onlar üçün bütün Azərbaycanı gəzmək imkanı yaradılıb.
Dörd günlük tur-aksiya müddətində 35 nəfər ağstafalı şagird Azərbaycanın dilbər guşələrindən olan Lənkəran, Astara və Lerik rayonlarının qədim tarixini, mədəniyyət abidələrini, turizm mərkəzlərini və başqa gəzməli-görməli yerləri ziyarət edəcək.
Qrupun rəhbəri tur-aksiyanın təşkilinə görə dövlətimizin başçısına minnətdarlıq edərək deyib: “Ulu öndər Heydər Əliyev xalqımızın gələcəyi olan uşaqlara daim diqqət və qayğı göstərib və bu gün uşaqlar Prezident İlham Əliyevin qayğısı sayəsində hərtərəfli inkişaf etmək, Vətənə layiqli vətəndaş kimi yetişmək üçün hər cür imkan əldə ediblər. Şagirdlərimiz üçün Azərbaycanın müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaların təşkili də bunun bariz nümunəsidir”.
Tur-aksiyada iştirak edəcək 35 şagird və müşayiətçilər Ulu Öndərin Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə tər çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Sonra onlar Lənkəran-Lerik marşrutu üzrə tur-aksiyada iştirak etmək üçün yola düşüblər.
X X X
Şəki, 16 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyaya qoşulan Şəki məktəblilərindən ibarət qrup noyabrın 16-da səhər saatlarında Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola çıxıblar.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında yolasalma mərasimi təşkil olunub.
Şəhər icra hakimiyyətinin əməkdaşı Mayis Səlimli çıxış edərək bildirib ki, bu tur-aksiya məktəblilərə ölkəmizin müxtəlif bölgələri, oradakı tarixi abidələr, qədim yaşayış məskənləri ilə yaxından tanış olmaq imkanı yaradır. Layihənin əvvəlki mərhələlərində qədim Şəki diyarının Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan yüzlərlə məktəblini qəbul etdiyini bildirən icra hakimiyyətinin təmsilçisi tur-aksiyanın hazırki mərhələsində də Şəkiyə respublikamızın 8 şəhər və rayonundan məktəblilərin gələcəyini diqqətə çatdırıb.
Qrupun rəhbəri, şəhər təhsil şöbəsinin əməkdaşı Məmməd Qədirov AZƏRTAC-a müsahibəsində Şəki məktəblilərinin Quba, Qusar və Xaçmazın tarixi məkanlarına, muzeylərinə ekskursiyaları böyük səbirsizliklə gözlədiklərini vurğulayaraq deyib: “Məktəblilər Vətənimizin səfalı guşələrini görməklə yanaşı, marşrut boyunca bölgələrdə həyata keçirilən sosial-iqtisadi inkişafın canlı şahidi olacaq, özlərinə yeni dostlar tapacaqlar. Bu ekskursiya onların ölkəmiz haqqında biliklərinin zənginləşməsinə müsbət təsir göstərəcək”.
Şəhərdəki 5 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Şəfəq Əzimova sevincini bu sözlərlə ifadə edib: “Bu gün ölkəmizin çox böyük maraq doğuran gözəl guşələrindən birinə yola düşürük. Şimal bölgəsinin gözəl təbiətə malik olduğunu, qədim tarixi abidələrlə zəngin olduğunu bilirəm. İndi bütün bunları öz gözlərimizlə görəcəyik. Bu layihə dövlətimizin başçısının biz gənclərə verdiyi dəyərin ifadəsidir”.
Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış avtobusla marşrut üzrə yola düşüblər.
X X X
Lənkəran-Yardımlı, 16 noyabr, Bağır Əliyev, AZƏRTAC
Noyabrın 16-da səhər tezdən Lənkəran şəhərindəki Heydər Əliyev Parkının qarşısında böyük canlanma vardı. Şəhər icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və valideynlər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində “Lənkəran-Gəncə-Şəmkir-Göygöl” marşrutu ilə tur-aksiyanın iştirakçılarını yola salmağa toplaşmışdılar.
AZƏRTAC xəbər verir ki, Lənkəran rayonunun ümumtəhsil məktəblərinin 35 nəfər IX-XI sinif şagirdi və onların müəllimləri dörd gün ərzində Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının tarix və mədəniyyət abidələrinə, rayonun görməli yerlərinə səyahət edəcək, sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlərlə yaxından tanış olacaq, müxtəlif tədbirlərdə iştirak edəcəklər.
Tur-aksiyanın iştirakçılarını yolasalma mərasimində çıxış edən şəhər icra hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva, valideynlər və şəhər sakinləri məktəblilərə yaxşı yol arzulayaraq, ölkəmizi daha yaxından tanımaq üçün məktəblilər üçün yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin XI sinif şagirdi Firuzə İbrahimova, valideyn, Darquba kənd sakini Mais Kazımov və başqaları da şagirdlərin istirahətinin mənalı təşkil edilməsi üçün göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra Lənkəran-Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə hərəkət edən avtobus yola düşüb.
“Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya çərçivəsində noyabrın 16-da Yardımlı rayonunda da IX-XI sinif şagirdlərin yolasalma mərasimi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, yolasalma mərasimində çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ölkənin Qərb regionuna səfər edən məktəblilərə ən xoş arzularını və tövsiyələrini çatdırıb.
Ölkəmizdə gənc nəslin təhsili, tərbiyəsi və onların asudə vaxtlarının təşkili sahəsində görülən işlərdən və həyata keçirilən layihələrdən danışan S.Hətəmov respublikanın regionları ilə tanışlığın şagirdlərin vətənpərvərlik ruhunda böyüməsində böyük əhəmiyyətə malik olduğunu qeyd edib.
Mərasimdə çıxış edənlər məktəblilərə uğurlu yol, mənalı istirahət arzulayaraq doğma Azərbaycanımızı daha yaxından tanımaq üçün təşkil olunmuş tur-aksiyalara görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
X X X
Salyan, 16 noyabr, Mahir Babayev, AZƏRTAC
Noyabrın 16-da səhər saatlarında Salyan şəhərinin rəhbər işçiləri, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində növbəti maarifləndirici tur-aksiyanın Salyan rayonundan olan iştirakçılarını Gəncə-Şəmkir-Göygöl marşrutu istiqamətində yola salmaq üçün şəhərin Heydər Əliyev parkına toplaşıblar.
AZƏRTAC xəbər verir ki, tur-aksiyanın iştirakçıları parkda Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Qrupun rəhbəri, rayon təhsil şöbəsinin metodisti Lətifə Mustafayeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən növbəti tur-aksiya iştirakçılarının - Salyan rayonunun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin Qərb bölgəsi ilə tanış olacağını bildirib. Qeyd olunub ki, dörd gün davam edəcək tur-aksiyanın iştirakçıları qədim Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının tarix və mədəniyyət abidələri ilə tanış olacaq, muzey və mərkəzlərə, digər görməli yerlərə səyahət edəcəklər.
Tur-aksiyanın iştirakçıları - Salyan şəhər 3 saylı tam orta məktəbin XI sinif şagirdi Telman Məlikov, 7 saylı məktəb-liseyin XI sinif şagirdi Rahid Əhmədov və başqaları onların yaddaşına əbədi həkk olunacaq bu layihənin reallaşmasına görə dövlətimizin başçısına təşəkkür ediblər.
Sonda tur-aksiya iştirakçıları onlar üçün ayrılmış xüsusi avtobusla Qərb bölgəsinə yola düşüblər.


















