Bakı, 17 noyabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu qurumun Naxçıvan Regional Bölməsinin təşkilatçılığı ilə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə cari ildə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında tarix fənnindən istifadə edilmiş test tapşırıqlarının və yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış VIII sinif üçün “Azərbaycan tarixi” və “Ümumi tarix” dərslik dəstlərinin müzakirəsi aparılıb.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Komissiyanın şöbə müdiri Afiqə Batıyeva qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının formaları və yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış VIII sinif dərslik dəstlərinin monitorinqi ilə bağlı görülən işlərdən danışıb.
Sonra bu il ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili haqqında məlumat verilib, yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış VIII sinif “Azərbaycan tarixi” və “Ümumi tarix” dərslik dəstlərinin monitorinqinə dair rəy təqdim olunub.
Çıxış edən müəllim və mütəxəssislər fikirlərini bildirib, təkliflər verilib.
