Bakı, 17 noyabr, AZƏRTAC
Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın növbəti iclası keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, mövcud reqlamentə uyğun keçirilmiş iclasda Xidmətin yanında İctimai Şuranın yarandığı gündən etibarən həyata keçirdiyi fəaliyyət, miqrasiya siyasətinin gücləndirilməsi, o cümlədən əcnəbiləri və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının genişləndirilməsi, onların qanuni mənafelərinin qorunması, miqrasiya proseslərinin tənzimlənməsi və miqrasiya prosesləri üzərində dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə işlənib hazırlanmış təkliflər və yaxın gələcək üçün iş planı müzakirə olunub.
İclasda çıxış edən İctimai Şuranın sədri Azər Allahverənov bu təsisatın tarixinə qısa nəzər salıb. Bildirib ki, qısa müddət ərzində fəaliyyət göstərən İctimai Şura bir sıra tədbirlər həyata keçirib. Belə ki, DMX-nin rəisi Firudin Nəbiyev, rəisin birinci müavini Pərviz Musayev, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndələrinin rəhbəri Daq Siqurdson, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslanov ilə ayrı-ayrılıqda keçirilən görüşlər, Şuraya müraciət edən əcnəbi və sığınacaq axtaran şəxslərin problemlərinin həll olunması ilə əlaqədar tədbirlər və s. təşkil olunub.
Tədbirdə vurğulanıb ki, son 4-5 ay ərzində İctimai Şuraya miqrantların statusu, təhsil və səhiyyə problemləri, həmçinin qeydiyyatı ilə bağlı çoxlu sayda müraciət daxil olub. Həmin müraciətlərə Şuranın reqlamentinə uyğun baxılıb. Altmışdan çox miqrant üçün Azərbaycan dili kurslarının təşkil olunması, qeydiyyat məsələləri ilə bağlı miqrantlara texniki dəstəyin və humanitar yardımın göstərilməsi, miqrasiya sahəsinin ayrı-ayrı aspektləri ilə bağlı müsahibələrin verilməsi və materialların hazırlanması, miqrantlardan və onların ailə üzvlərindən ibarət fokus-qruplarla görüşlərin keçirilməsi və İctimai Şuranın xətti ilə icra edilmiş digər fəaliyyətlər barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, miqrasiya sahəsində həyata keçirilən siyasətin gücləndirilməsi və bu prosesdə ictimai iştirakçılığın geniş şəkildə təmin olunması məqsədilə bir sıra təkliflər hazırlanıb və vahid sistemə salınıb. Bütün təkliflər miqrasiya sahəsində həyata keçirilən strategiyanın inkişaf etdirilməsi, bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycanda qaçqın və sığınacaq axtaran şəxslərin statusunun hüquqi çərçivələri və gələn miqrantların qeydiyyat prosedurları ilə bağlı yeni elementlərin müəyyən edilməsi, maraqlı tərəflər arasında əməkdaşlıq imkanlarının artırılması və İctimai Şuranın fəaliyyətinin təkmil şəkildə qurulması istiqamətləri üzrə qruplaşdırılıb.
Bütün təklifləri qəbul edən Şura üzvləri həmin təkliflərin ayrı-ayrı elementlərini müzakirə edib və onların optimallaşdırılması üzrə fikir bildiriblər.
İclasda müşahidəçi statusu ilə iştirak edən DMX-nin ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Nadir İsmayılov və Xidmətin digər əməkdaşları, BMT QAK-ın hüquq departamentinin nümayəndəsi Bella İsmayılova müzakirə olunan məsələlərə münasibət bildirib və təkliflərini irəli sürüblər.
Sonda KİV nümayəndələrinin verdikləri suallar İctimai Şuranın üzvləri tərəfindən ətraflı cavablandırılıb.