Bakı, 17 noyabr, AZƏRTAC
Ombudsman təsisatının əməkdaşları UNİCEF-in Bakı ofisi ilə birlikdə “Uşaq hüquqları sahəsində monitorinq bacarıqlarının artırılması” mövzusunda beşgünlük treninq təşkil edib.
Aparatın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, treninqdə UNİCEF-in beynəlxalq ekspertləri Reidar Hiermann və Anna Nordenmark Severinson təlimçi qismində təcrübələrini bölüşüblər.
Tədbirdə “Uşaqlarla aparılan işə insan hüquqlarına əsaslanan yanaşma nədir?”, “Beynəlxalq uşaq hüquqları standartları”, “Həbsdə və müvafiq müəssisələrdə olan uşaqlar”, “Uşaqların dindirilməsi və onlardan məlumatların toplanması üçün müxtəlif iştirakçı üsullara baxış”, “Nəticəyə əsaslanan idarəetməyə nəzəri baxış” və digər mövzularda fikir mübadiləsi aparılıb, qruplarda tapşırıqlar və praktiki işlər, yekun müzakirələr keçirilib.
Milli Preventiv Qrupun (MPQ) üzvləri ombudsman Elmira Süleymanovanın nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən UNİCEF ilə səmərəli əməkdaşlıq etdiyini, insan hüquqları sahəsində işgüzar əlaqələrə daim önəm verdiyini vurğulayıblar. Onlar ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) qismində fəaliyyəti, bu istiqamətdə görülmüş işlər, MPQ-nin saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən müvəqqəti saxlama yerlərinə, penitensiar müəssisələrə, istintaq təcridxanalarına, tərbiyə müəssisəsinə, habelə sosial obyektlərə, ahıllar və əlilliyi olan şəxslər üçün internat evləri və pansionatlara, psixiatriya xəstəxanalarına keçirilmiş başçəkmələr və görülmüş işlər haqqında geniş məlumat veriblər. MPM-in fəaliyyəti ilə bağlı hesabatların və hüquqi nəşrlərin də hazırlanaraq çap olunduğu, habelə 200-dən artıq təklif verildiyi, bunların isə çoxunun həllini tapdığı bildirilib.
Milli Preventiv Mexanizm qismində müxtəlif dövlət qurumları, QHT, KİV, beynəlxalq təşkilatlar, habelə bir sıra dövlətlərin MPM-ləri ilə əməkdaşlıq edildiyi qeyd olunub.
Təlim çərçivəsində iştirakçılar Təhsil Nazirliyinin Türkan qəsəbəsində yerləşən nitq qüsurlu uşaqlar üçün 6 saylı Xüsusi İnternat Məktəbinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tərbiyə müəssisəsinə başçəkmələr həyata keçiriblər. Başçəkmələrin yekunları ilə bağlı təlimdə müzakirələr aparılıb.
Treninq səmərəli fikir və təcrübə mübadiləsi şəraitində başa çatıb, Azərbaycan MPM-in fəaliyyəti beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib, gələcəkdə də əməkdaşlığın davam etdirilməsi müsbət dəyərləndirilib.
Yekunda təlim iştirakçıları sertifikatlarla təltif olunublar.