Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 16-da paytaxtın Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzində qapıçı işləyən, əvvəllər məhkum olunmuş İsmət Bəkirovun qadağan edilmiş ərazidə siqaret çəkib yerə atması səbəbindən həmin vaxt orada xidməti vəzifələrini icra edən Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin Qaradağ rayon mühafizə şöbəsinin polis nəfərləri Şaiq Ağayev və Vüqar Qəmbərov ona yaxınlaşaraq bu barədə iradlarını bildiriblər. Bu zaman İ.Bəkirov üstündə gəzdirdiyi bıçaqla V.Qəmbərovun bel nahiyyəsindən, Ş.Ağayevin isə qarın boşluğundan daxilə nüfuz edən xəsarətlər yetirməklə onları qəsdən öldürməyə cəhd edib. Lakin o, iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyin. Zərərçəkmişlər aldıqları xəsarətlərlə bağlı DİN-in Hospitalına yerləşdiriliblər.
Fakta görə Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumunu qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, cinayətin aləti olan bıçaq maddi sübut kimi götürülüb və digər zəruri istintaq tədbirləri həyata keçirilib.
Bakı Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, İ.Bəkirova Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulan ittiham elan edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.