Bakı, 18 noyabr, Ramiz Quliyev, AZƏRTAC
Azərbaycanda hazırda 458 İran investisiyalı şirkət fəaliyyət göstərir. İran şirkətlərinin respublikamıza əsas kapitala investisiyaları 760 milyon dollardan, qeyri-neft sektoruna birbaşa investisiyaları isə 150 milyon dollardan artıqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Bakı Ekspo Mərkəzində açılmış İran İslam Respublikasının ixtisaslaşmış sərgisində deyib.
Nazir müavini qeyd edib ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üçün potensial daha genişdir. Məhz belə sərgilər Azərbaycan-İran şirkətlərinin müştərək layihələr icra etməsi, ticarət və biznes əlaqələrinin qurulması üçün əhəmiyyətli töhfə verəcək.
S.Babayev həmçinin Azərbaycanda gözəl biznes mühitinin yaradıldığını, ölkədə ictimai-siyasi, makro-iqtisadi sabitliyin hökm sürdüyünü diqqətə çatdırıb.
Bildirilib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatının ümumi daxili məhsulu 3 dəfə, qeyri-neft sektoru 2,5 dəfə, neft sektoru isə demək olar ki, 4 dəfə artıb. Xarici ticarət dövriyyəsində isə 4,3 dəfə artım müşahidə olunub.