Sari, 18 noyabr, AZƏRTAC
Yeni Bakı limanının İpək Yolunun, həmçinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi onun potensialını artırır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru Taleh Ziyadov deyib.
Perspektivlər barədə danışan T.Ziyadov qeyd edib ki, yeni Bakı limanı tam istifadəyə verildikdən sonra İran ilə yanaşı, Orta Asiyadan da yüklərin Avropaya daşınmasında iştirak edəcək. Rəşt-Qəzvin-Ənzəli-Astara və Bakı–Tbilisi-Qars beynəlxalq dəmir yolu xətlərinin işə düşməsi Bakı limanının bölgə dövlətləri üçün əhəmiyyətini daha da yüksəldəcək.
İldə 25 milyon ton yüküötürə imkanına malik olan liman 400 hektar ərazini əhatə edir. Limanın bu potensialı gələcəkdə onu yalnız Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin deyil, Avrasiyanın aparcı nəqliyyat və logistika mərkəzinə çevirəcək.

Rabil Kətənov
AZƏRTAC-ın xüsusi müxbiri
Sari