Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Baş Prokurorluğunun “Azərbaycan Prokurorluğu” jurnalının 2015-ci ildə üçüncü nömrəsi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, nəfis tərtibatla çap olunmuş jurnalın bu nömrəsi iyul-sentyabr aylarını əhatə edir. Jurnal Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar. Biz buna hazırıq və gələcəkdə, bax, bu istiqamətdə gedəcəyik” sözləri ilə başlanır.
Jurnalın “İctimai-siyasi tədbirlər”, “Rəsmi tədbirlər”, “İctimaiyyətə hesabat”, “Prokurorluğun beynəlxalq əlaqələri”, “Normativ hüquqi aktlar” bölmələrində maraqlı məlumatlar əksini tapıb.
Nəşrin “İctimai-siyasi tədbirlər” bölməsində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarsının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası, dövlətimizin başçısının Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki oxucuların diqqətinə çatdırılıb.
Jurnalın “Rəsmi tədbirlər” bölməsində “Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilmişdir”, “Vyetnam Sosialist Respublikasının Ədliyyə İslahatları üzrə Komissiyasının nümayəndə heyəti Baş Prokurorluqda olmuşdur”, “Prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması işi daim diqqət mərkəzindədir”, “Naxçıvan Muxtar Respublikası Prokurorluğunda kollegiya iclası keçirilmişdir” sərlövhəli yazılar yer alıb.
Ümumilikdə, nəşrdə Baş Prokurorluqda keçirilən tədbirlər, görüşlər, eləcə də bu qurumun beynəlxalq əlaqələri barədə geniş yazılar və digər mövzularda məqalələr toplanıb.