Pekin, 19 noyabr, AZƏRTAC
Çin Xarici İşlər Nazirliyi İŞİD terror qruplaşmasının əsir götürdüyü Çin vətəndaşı Fan Cinxuyun qətlə yetirilməsi faktını təsdiqləyib.
Nazirliyin bəyanatında qeyd olunur ki, sentyabrın əvvəllərində İŞİD-ə məxsus “Dabiq” nəşri terror qruplaşmasının Çin və Norveç vətəndaşını girov götürdüyünü yazıb. Hadisənin harada və nə vaxt baş verməsi açıqlanmayıb.
Ötən müddətdə girovların azad olunması ilə bağlı göstərilmiş səylər nəticə verməyib. Girovların İŞİD tərəfindən qətlə yetirildiyi təsdiq olunub.
Filippinin paytaxtı Manilada Asiya-Sakit okean İqtisadi Əməkdaşlığının (APEC) sammitində iştirak edən ÇXR Sədri Si Cinpin girovun öldürülməsini pisləyib, ölkəsinin terrorizmin bütün formalarına qarşı olduğunu bəyan edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Çin girov götürülmüş vətəndaşının İŞİD tərəfindən qətlə yetirlməsi faktını təsdiqləyib