Bakı, 5 fevral, AzərTAc
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, fevralın 4-də Balakən Rayon Məhkəməsində rayonun Qullar kənd sakini Xanpəriyev Məhəmməd İlham oğlunun Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxslərdən biri Xipiyev Elşən Etibar oğlu üstündə gəzdirdiyi bıçaqla M.Xanpəriyevi qəsdən öldürmək məqsədilə ona çoxsaylı xəsarətlər yetirib. M.Xanpəriyev Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb və aldığı xəsarətlərdən orada ölüb.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.
E.Xipiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.