Günel Mövludun “İmamzada”dan imansız reportajı
Acı bibəri bol
Dünya şöhrətli şair Nizami Gəncəvi ilə bölgə şöhrətli meyxanaçı Alim Gəncəlinin yurdu, qədim-qayım Gəncəni mən bu ölkədə paytaxt Bakıdan sonra əyalət olmayan yeganə yer bilirəm. Yay-qış, yaz-payız demədən allı-güllü, al-əlvan geyinən qəşəng və dilli-dilavər qadınların, “İmamzada haqqı” deyə and içən qılıqlı kişilərin, şən, zarafatcıl, çiyni kanonlu, skripkalı, tarlı musiqiçi oğlan-qızların şəhəri. Havası adamın ciyərlərinə sığal çəkən, görünüşü şəhərə qonaq gələn hər qərib kəsə görüb-bildiyi bütün gözəl şəhərləri xatırladıb, qəlbinə ağrısız, amma hüznlü bir nostalji gətirən Gəncə…
Gəncəyə Sədanı görməyə getmişdim. Gəncədə yaşayan musiqiçi rəfiqəmi. Depressiyam ən dözülməz həddə çatanda, sıxıntıdan içim-içimi yeyəndə, şifahi xalq ədəbiyyatı nümunələrində deyilən sayaq, könül evim suyu qurumuş dəyirmana dönəndə elə bilirəm, mənə təkcə Səda, onun bənzərsiz enerjisi, gülməli və ürəkaçan iştahası, erkək zarafatları kömək eləyə bilər. Heç bilmirəm, ən sıxıntılı vaxtlarımda təpədən dırnağa qədər poeziyaya, musiqiyə, rəngə, gözəlliyə dəxli olan gözəl-göyçək Sədaya sığınıram, yoxsa, ayağımı torpağına basıb, havasını ciyərlərimə çəkən kimi, məni həmişəlik burada qalmağa çağıran Gəncəyə...
Əziz oxucu, sən gəl, şəxsi iztirabları ilə sənin başını piyləmək istəyən müəllifin günahından keç. Ona fikir vermə, harada görünüb ki, şair ruhlu adamda məntiq, rasional ağıl-zad ola. Və yazını oxumaqda davam elə. Çünki mən bu boyda zırıltı kədərin, hüznün, dərd-ələmin içində vaxt tapıb, Gəncədən, daha doğrusu, Gəncə yaxınlığında yerləşən, el arasında “İmamzada” kimi tanınan ziyarətgah-kompleksdən Lent.az üçün reportaj da hazırlamışam. Mollalar demişkən: kiii, onu indi ixtiyarınıza, türkün sözü, təqdim etmək ərəfəsindəyəm. Di, getdik…
İmamzada nədir?
Özümü dəhşət savadlı, oxumuş adam kimi göstərmək olmasın, sizə bir az bu yerin tarixçəsindən danışım. Danışım deyəndə, yazacaqlarım elə həmin ziyarətgah-kompleksin qarşısındakı mərmər lövhədə yekə-yekə hərflərlə yazılıb.
Eyni zamanda həm ziyarətgah, həm də qədimli-təzəli qəbiristanlıq kompleksi olan bu yerdə 5-ci imam Məhəmməd Baqir əleyhissəlamın oğlu, 6-cı imam Cəfər Sadiq əleyhissəlamın qardaşı Mövlanə İbrahim əleyhissəlam dəfn olunub.
Mövlanə İbrahim, Abbasi xəlifəsi Mənsurun hakimiyyəti zamanı təqibdən qaçaraq, Gəncəyə pənah gətirir. Amma 473-cü, ya da 475-ci ildə Əhli-Beyt düşmənləri tərəfindən qətlə yetirilir və burada dəfn olunur. Zaman keçdikcə bu yer insanların ümid və pənah yerinə çevrilir. İnsanlar bir türlü həyata keçməyən arzularını dilə gətirib, İmamzadaya nəzir deyir, arzusu çin olan nəzirini aparır, kimisi əvvəlcədən gedib, elə arzusunu İmamzadaya deyir, yalvarır və bu kimi sair şeylər…
Molla və müjəvir “toçkalar”ı
Mənə bələçilik eləməyi könüllü olaraq boynuna götürən Sədayla məni İmamzada ziyarətgahının qarşısında azı on nəfər müjəvir (sözün türk, ya da ərəb-fars kökənli olduğunu deyə bilmərəm, amma Qarabağ leksikonunda bu ifadəni pirlərə, ocaqlara, hər cür ziyarətgahlara qoyulan nəzirləri oradan götürən adamlar üçün istifadə eləyirlər) qarşıladı. Amma bədənlərinin müxtəlif üzvləri yalan-gerçək şikəst, cırıq-cındır paltarları ilə nəzir gözləyənə yox, daha çox dilənçiyə oxşayan bu müjəvirlər sürət və internet əsrinin tələblərini yaxşı bilirlər. Nəzirlərin ocağın üstünə, ya kənarına, ya da elə qapının girəcəyinə qoyulmuş allı-güllü, üstünə minbir rəngdə əski, yaylıq bağlanmış nəzir-niyyət qutusuna atılmasını gözləmək istəmirlər, elə ocağa ziyarətə gələn adamdan həmin nəziri hələ ziyarətgahın qapısından içəri keçməmiş tələb edirdilər. Özü də hamısı birdən adama yaxınlaşmır. Orada keçirdiyimiz bir neçə saat ərzindəki müşahidələrimdən çıxış edərək deyə bilərəm ki, sayı 10-u keçən bu “toçka” sahiblərinin hərəsinin öz növbəsi, öz vaxtı var.
Müjəvirlərə verə biləcəyini verib, içəri keçən kimi, dini motivli yaylıqlar, suvenirlər, “optavoy” imam şəkilləri-zad satan oğlanların və yaşıl örtülü masasının üzərinə balaca-balaca Quran ayələri qoyaraq, acıqlı-acıqlı müştəri gözləyən şişpapaq mollaların “toçka”ları başlayır. Biz içəri keçəndə beş-altı arvadı başına yığıb, hər dəfə fatihəsini qurtarandan sonra hirslə:
- Görmürsünüz, fatihə verdim, Salavat çevirüüün dəəə!– deyən molla başını qaldırıb, acıqla bizə tərəf baxdı. Geyimimizdən və dayanmadan hırıldamağımızdan başa düşdü ki, bizdən nə imama, nə də ölüsünə Yasin oxutduran çıxmaz, odu ki, bizi heç təşkil elədiyi “zorakı salavat məclisi”nə dəvət də eləmədi.
Molla biabır oldu…
Yuxarıda haqqında danışdığım o mübarək zatın məzarı yerləşən və kompleksin “ürəyi” hesab olunan yerə necə girmək, orada yerinə yetirilməli olan ritualı öyrənməyə adam axtarırdıq ki, kişili-arvadlı-uşaqlı bir dəstə burada mübarək ocaqlardan biri hesab olunan Seyid Mirqafar Ağanın məzarına yaxınlaşdı. Yaşca nisbətən cavan molla (bəlkə də heç 40 yaşı olmazdı) yerindən durub, dəstəyə yaxınlaşdı. Bizim mollalar danışanda sözləri uzatmağı qırğın-qiyamət müsəlmançılıq əlaməti bilir axı, bu molla da sözləri uzada-uzada:
- Seyyiiiiiid Mirqaaaaaa-far ağanıııın məzarııına gəlmisüüüüüüz kiiiiiiiiiii, ona daaaaa bir yasin oxutdurmaaaaaaaq böyüüüüüüüük səvaaaaaaabdur – deyirdi ki, sözü ağzından qurtarmamış, cibindəki mobil telefona zəng gəldi.
Mollanın “mobilni”sinin zəngi nə olsa yaxşıdı? Türk müğənnisi Murat Kəkillinin “Bu akşam ölürüm, beni kimsə tutamaz!” mahnısı. Qəbiristanlığı irinli-qanlı türk lirikası bürüdü. Pərt olmuş molla dinləyicilərindən üzr istəyib, telefonu açdı və dəstəyin o başındakı adamı asta səslə və yüngülvarı danladı.
“Qənd niyyəti”nin sirri…
Ziyarətgah-kompleksdə daha bir ümid yeri qənd yapışdırılan məzardır. Bura gələnlər məzarın başdaşının hə iki tərəfində şam yandırır, üstünə elə qəbiristanlığın girişindəcə dayanan buğdasatandan aldıqları buğdadan tökür və ürəklərində niyyət tutub, məzarın başdaşına qənd yapışdırırlar. Yeri gəlmişkən, elə qənd də ziyarətgahın içində satılır. İnanca görə, əgər qənd başdaşına yapışsa, deməli, niyyətin hasil olacaq, əgər yapışmasa, onda ümid bir olan allaha qalır.
Amma yolda Səda mənə dedi ki, qənd məsələsinin fırıldağını tapıb. Qəndi başdaşına basıb, bir az aşağı sürüşdürəndə yapışır. Səbəbini məzarın yanına çatanda başa düşdüm. Dibində yandırılan şamların hisi başdaşını vurur. Tədricən bu his qatı yapışqan bir lay əmələ gətirir. Amma çox nazik olduğundan ağır qənd parçalarını tutmur. Amma qəndi bir az aşağı sürüşdürəndə, qəndin altındakı yapışqan lay yığışır, artır və yapışqanlıq dərəcəsi çoxalır.
Səda ilə eləmə tənbəllik, başdaşının dibində qalmış bütün niyyət qəndlərini götürüb, təzəcə tapdığımız texnika ilə yapışdırdıq. Başdaşının üstündə daha barmaq qoymağa yer qalmadı.
Acıqlı ziyarətçilər
Biz üstü ərəbcə, kiril əlifbası ilə yazılı, minbir niyyətlə, minbir rəngdə əski, parça, yaylıq, şərf, kəlağayı bağlanmış, sarınmış, sərilmiş qəbirlərə, başdaşılara baxa-baxa gəzişdikcə ziyarətgaha gələnlərin sayı da artırdı. Addımbaşı bir yanında topa zibillik olan seyid, övliya, mübarək zat qəbirləri yanında dayanıb, Yasin oxutduran, salavat verən, qəbirləri, başdaşıları duz kimi yalayan ziyarətçilər nəzir qoymadan, oradakı daşı-zadı öpmədən, hırıldaya-hırıldaya gəzən, üstəlik də utanmaz-utanmaz telefonla şəkil çəkən iki qıza hirslə, acıqla baxır, ağzımızdan çıxacaq bir hərf səhvini gözləyirdilər ki, abrımızı ətəyimizə büksünlər. Hələ ən ciddi dini önəmi olan bir məzarın yanına məxsusi molla gətirib, Yasin oxutduran, hamılıqla əllərini açıb, Yasinə qoşulan bir ailənin şəklini çəkəndə ailə başçısı hirslə “Bismillahi-rəhmani-rəhim!!!” deyə səsini qaldırdı və bu yolla bizə acıqlandığını bildirdi.
Sədaya dedim ki, gəl, nə qədər ki, Yasin oxunur, çəkə biləcəyimiz qədər şəkil çəkək. Onsuz da bunlar mollanın Yasinini yarımçıq kəsən deyillər. Yasin qurtarmamış da aradan çıxarıq.
Bu da imamzadənin qəbri
Axır ki, ziyarətgahın ən vacib yerini, imamzadənin qəbrini ziyarət etmək üçün bizə faydalı məsləhətlər verə biləcək bir xanım tapdıq. Anam-bacım olsun, dəhşət təcrübəliydi, bizə öyrətdi ki, dəhlizdəki xalçanın yanında ayaqqabılarımızı soyunaq, başımızı örtək, yaylığımız yoxdusa, sonra açıb yerinə qoymaq şərti ilə buradan götürə bilərik, yaşıl günbəzli “imamzada”nın başına üç dəfə, yaşıl günbəzi öpə-öpə, niyyətimizi deyə-deyə, dua oxuya-oxuya fırlanaq, üçüncü dövrədən sonra varsa nəzirimizi qoyaq, sonra da arxamızı günbəzə çevirmədən, dalı-dalı ziyarətgahdan çıxaq. Ta ayaqqabılarımızı çıxardığımız yerə qədər dal-dala gələk. Sonra da ayaqqabılarımızı geyinək və çıxaq gedək işimizə-gücümüzə.
Nəysə, bacının dediklərinə qeyd-şərtsiz əməl edəsi olduq. Ziyarətgahın “foye”sində oturmuş qaraqabaq molla ilə, ayaq üstə əmrə müntəzir dayanmış oğlan içəri keçənlərin yuxarıda sadalanan qaydalara əməl edib-etmədiklərinə diqqətlə göz qoyurdular, ta burada meymunluq eləməyin yeri yoxuydu. Qəbri ziyarət eləməkdən daha çox, maraqlı bir şey görüb şəkil çəkməkdən ötəri içəri keçdik. Yerə salınmış xalçaların üstü dəhşət zibilli idi, məzarın yerləşdiyi otaqdan kəskin ayaq və çoxdan dəyişdirilməyən corab qoxusu gəlirdi.
Əmrə müntəzir dayanan oğlan bizi yaşıl örtülü məzarın yanına gətirib “instruktaj”ını verdikdən sonra biz qəbrin başına rahat fırlanaq, niyyətimizi rahat, kənar qulaq eşitmədən diləyək deyə, çıxıb getdi. Elə bir-iki şəkil çəkmişdik ki, yanında 10-11 yaşlı qızı ilə bir cavan gəlin özünü tələm-tələsik qəbrin yanına saldı. Gəlin qəbri bir öpmək öpdü, bir ağlamaq ağladı, bir fırlanmaq fırlandı ki, əlim ağzımda qaldı. İlahi, qadın qəbrin üstündəki yaşıl naxışlı örtüyü eləm marçamarçla, elə ürəknən öpürdü ki, öz ürəyimdə fikirləşdim: insanın içində bir damcı sevgi ola, onu da sənə heç vaxt cavab verməyəcək daşa, parçaya xərcləyəsən? Burada yenə də özümü saxlaya bilməyib, bir-iki saniyəlik fəlsəfi düşüncələrə dalmalıyam - and içə bilərəm ki, həmin qadın yanındakı məsum qız uşağını, öz doğma balasını heç vaxt elə sevgiynən, elə ürəkdən öpməyib. Bəlkə də elə buna görə, onun niyyəti heç vaxt yerinə yetməyəcəkdi.
Şair ruhum cövlan elədi, yadıma müasir şairlərimizdən hansınınsa (gərək oğlum Mövluddan soruşub, adını yazım) şeirindən bir parça düşdü:
“Ərəbin daşını öpüncə, bir yetimin saçını öp!..”
Günel Mövlud
Hüznlü şəhər, sirli ziyarətgah və mollanın “mobilni”si...
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Tbilisi - Bakı qatarı gecikmə ilə yola düşüb
news.lent.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Oktyabr bəzi bürclər üçün səmərəli keçəcək
15 yaşlı göyçaylı kikboksçu dünya çempionu oldu - FOTO
Bu ölkənin BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizədliyi irəli sürülüb
Deputat həmin hadisədən danışdı: “Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan”
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü dron hücumuna məruz qaldı
Layihələr
Son xəbərlər
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Bu gün
·
09:10
Bu gün 1 dəqiqəlik sükut olacaq
Bu gün
·
08:30
Bu ölkənin BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizədliyi irəli sürülüb
Bu gün
·
01:30
Bakının bu hissəsində bulvar salınır
Bu gün
·
00:59
Bütün yükü tək daşıyan 4 bürc
Bu gün
·
00:48
ABŞ 50 ölkəyə bildiriş göndərdi
Bu gün
·
00:45
15 yaşlı göyçaylı kikboksçu dünya çempionu oldu - FOTO
Bu gün
·
00:07
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
Bu gün
·
00:01
Bu gün Azərbaycanda Anım Günüdür
Bu gün
·
00:00
Ceyhun Bayramov Nyu-Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb
Dünən
·
23:59
Abşeronda qonşular arasında baş verən münaqişə qətlə bitdi
Dünən
·
23:13
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü dron hücumuna məruz qaldı
Dünən
·
22:42
Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar
Dünən
·
22:06
Lavrov uzun müddət sonra onunla görüşdü
Dünən
·
21:31
Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərdən biridir
Dünən
·
21:11