Bakı, 20 noyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Los-Ancelesdə yerləşən Sinay məbədinin üzvlərindən ibarət nümayəndə heyəti bu yaxınlarda Azərbaycanda səfərdə olub. Nümayəndə heyətinin üzvlərindən bəziləri Azərbaycana səfərlə bağlı xarici mətbuatda bir neçə məqalə ilə çıxış ediblər.
Nümayəndə heyətinin üzvü Peter Rothholzun “Yəhudilərin Azərbaycanda yaşaması müsəlmanların çoxluq təşkil etdiyi bir ölkənin tolerantlıq mədəniyyətinin təcəssümüdür” adlı məqaləsi JNS.org portalında yayılıb.
Məqalədə bildirilir ki, antisemitizmin tüğyan etməsinin məntiqi nəticəsi kimi, Avropada minlərlə yəhudinin Fransanı, Böyük Britaniyanı və digər ölkələri tərk etdiyi bir zamanda hətta əvvəllər mühacirət etdikləri İsraildən və digər ölkələrdən bir çox insanları cəlb edən bir ölkə var. Bakı şəhərində Avropa yəhudilərinin yəhudi icmasının ravvini, İsraildə doğulmuş Şneor Seqal həmin ölkənin Azərbaycan olduğunu deyir.
Qeyd edilir ki, Azərbaycanda yəhudi icmasının tarixi kökləri təxminən 2 min il əvvələ gedib çıxır. Bu müddət ərzində, hətta 1918-1990-cı illərdə Sovet İttifaqının tərkibində olduğu zamanlarda Azərbaycan öz tolerantlıq və azlıqların qəbul edilməsi ənənəsi ilə qürur duyub. Ölkə əhalisinin böyük əksəriyyəti müsəlmanlardır və burada yaşayan yəhudilərin sayı minlərlədir.
Müəllif yazır: “Bu yaxınlarda Los-Ancelesdə yerləşən Sinay məbədindən Azərbaycana təşrif buyurmuş nümayəndə heyətinin üzvü kimi altı sinaqoqu, habelə yəhudi məktəbini və Yəhudi İcması Mərkəzini ziyarət etdim. Bu ərazilərdə polis, şəxsi mühafizə və ya xüsusi təhlükəsizlik tədbirləri nəzərə çarpmırdı. Xüsusilə qeyd edilməlidir ki, hətta Los-Anceles kimi bir şəhərdə bütün yəhudi təsisatlarında şəxsi mühafizənin olduğunu müşahidə etmək mümkündür. Avropa şəhərlərində isə əksər sinaqoqların və yəhudi məktəblərinin girişində metal detektorlar quraşdırılıb və avtomat silahlı əsgərlər keşiş çəkir. Azərbaycanlı yəhudilər yarmulke (yəhudilərin ibadət üçün xüsusi baş geyimi) geyinərək küçələrdə dolaşır və təcavüzə məruz qalmaq təhlükəsi ilə üzləşmirlər. Azərbaycanlı yəhudilər dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq ölkənin sosial-iqtisadi həyatında tam şəkildə iştirak edirlər. Universitetlərdə təhsil pulsuzdur və təhsil almaq üçün bir yəhudinin qarşısını yalnız bacarıq və istək kəsə bilər. Nümayəndə heyətimizin Azərbaycan Ali Məhkəməsinin yəhudi hakimi xanım Tatyana Qoldmana yəhudi mənsubluğunun onun karyerasına və həyatına təsiri ilə bağlı sualına cavab belə oldu: “Mən heç bu barədə düşünmürəm də. Mən yalnız işim barədə düşünürəm”.
Oxucuların diqqətinə çatdırılır ki, Azərbaycanda iki dövlət qurumunun – Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzarəti altında hökumət tərəfindən sinaqoqların, kilsələrin, məscidlərin, dini məktəblərin və müəssisələrin tikinti, texniki xidmət, istismar və kadr təminatı xərclərini əhatə edən böyük məbləğdə qrantlar ayrılır: “Müşahidələrimiz bunu deməyə əsas verir ki, dövlətin dotasiyaları kifayət qədər böyükdür. Belə ki, Bakı və Quba şəhərlərində ziyarət etdiyimiz hər bir sinaqoqun rahat mebellə təchiz edilmiş, eyni zamanda, çox təmiz və səliqəli saxlanılan möhtəşəm binası var idi”.
Bildirilir ki, Bakıdan şimal-qərbdə – dağlar qoynunda yerləşən Quba şəhərində Qırmızı Qəsəbə kimi tanınan ərazi var. Qəsəbə 270 il əvvəl Türkiyə və İrandan gəlmiş yəhudi mühacirlər tərəfindən salınıb. Bu qəsəbənin sovet hakimiyyəti dövründə Yəhudi Qəsəbəsi kimi məşhur olması təsadüfi deyil. Belə ki, qəsəbənin yəhudi əhalisinin sayının 4 minə yaxın olması onu İsrail sərhədlərindən kənarda olan ən böyük yəhudi qəsəbələrindən birinə çevirir.
Məqalədə vurğulanır ki, Azərbaycan bütün dünyaya nümunə ola biləcək böyük ürəyə sahib kiçik ölkə, mürəkkəb regionda təhlükəsiz cənnət axtarışında olan yəhudilər üçün Tanrıdan bir lütfdür.