“Dilmanc” layihə qrupu “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin tərtibi ilə bağlı təkliflərini irəli sürüb.

Qeyd olunur ki, mətbuatda, elektron məkanda, sosial şəbəkələrdə Azərbaycan dilinin 2013-cü ildə çapdan çıxmış orfoqrafiya lüğəti haqqında mübahisələr səngimək bilmir. Bu lüğət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il sərəncamına əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Azərbaycan dilinin orfoqrafiya qaydaları”na uyğun olaraq tərtib olunub.

Məlum olduğu kimi, əgər 2004-cü ildə nəşr olunmuş orfoqrafiya lüğətində 80 minə yaxın söz var idisə, genişləndirilmiş və yenidən işlənmiş bu nəşrdə onların sayı 110 mini keçib (110563 söz). Tərtibçilər belə hesab edirlər ki, əlavə edilmiş sözlərin çoxu yeni yaranmış, yaxud əvvəlki nəşrə daxil edilməsi unudulmuş sözlərdir.


Yeni çapdan çıxmış orfoqrafiya lüğəti ilə bağlı iradları aşağıdakı kimi qruplaşdırmaq olar (nümunələr sosial şəbəkələrdən götürülüb):

  1. Yeni söz kimi daxil edilmiş “əcaib” sözlər: cordanabənzər, ağzıheyvərə, adheziya, badgir, badış, baygu, cacıq, gəllahi, gəbr, gəncəfa, giran, giriban, qoduş və s.

2. Daxil edilməsi unudulmuş sözlər: anışdırmaq, islamçı, bəsitsüjetli, bulyon, töycüyığan, çəkələk, görüntü, qabarma-çəkilmə, şirinsulu, dupduru, əvəzgün və s.




Həqiqət İSABALAYEVA