Berlin, 25 noyabr, AZƏRTAC
Almaniya Bundestaqının deputatı Katrin Kunert parlamentin plenar iclasında təmsil etdiyi Solçular (Die Linke) fraksiyası adından “2016-cı ildə Almaniyanın ATƏT-ə sədrliyindən sülh və tərk-silah üçün istifadə edilməlidir” mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, ATƏT gələcəkdə Avropada sülh və təhlükəsizlik üçün daha böyük rol oynamalıdır. Bundestaqın bütün fraksiyaları bu mövqedədir. Varşava Paktının ləğvinə baxmayaraq NATO-nun saxlanması təəssüf hissi doğurur. ATƏT NATO-nu kollektiv təhlükəsizlik sistemi kimi əvəz edə bilərdi.
Deputat qeyd edib ki, 2001-ci il 11 sentyabr hadisələrindən sonra güclü silahlanma gedir. ABŞ və digər NATO dövlətləri Avropada konvensional silahlı qüvvələrə dair müqavilənin şərtlərinə əməl etmədikləri üçün Rusiya bu ilin əvvəlində müqavilədən çıxıb. ATƏT-in arbitraj məhkəməsi isə işə başlaya bilmir, çünki bütün iştirakçı dövlətlər tərəfindən tanınmır. Buna baxmayaraq, ATƏT münaqişələrin uzunmüddətli qabaqlanması və mülki həlli, seçki müşahidələri, insan hüquqları, parlamentarilər arasında dialoq kimi sahələrdə iş görür. Faktiki olaraq, sentyabr ayının əvvəlindən etibarən Ukraynada atəşkəsə nail olunub.
Almaniyalı deputat bildirib ki, Dmitri Medvedevin təklif etdiyi Vankuverdən Vladivostoka qədər ərazini əhatə edən təhlükəsizlik müqaviləsi təcili surətdə bağlanmalıdır. ATƏT-in Münaqişələri Qabaqlama Mərkəzinin səlahiyyətləri artırılmalı, Təhlükəsizlik Əməkdaşlığı Forumu tərk-silah qurumuna çevrilməlidir. Solçular AFR hökumətindən birtərəfli qaydada tərk-silah addımları atmağını tələb edir. ATƏT iqtisadi və ekologiya məsələləri ilə, xüsusilə atom stansiyalarının qorunması, atom tullantılarının təhlükəsiz yerləşdirilməsi, riskli “Fracking” texnologiyaları və müdafiə xarakterli texnika istehsalının konversiyası ilə ciddi məşğul olmalıdır.
Qeyd edilib ki, humanitar təhlükəsizlik və insan hüquqları da gündəliyin ayrılmaz tərkib hissəsi olaraq qalmalıdır. İnsan hüquqları problemi dünyanın bütün ölkələrində var. Qaçqın düşərgələrinin yandırılması, irqçilik, evsizlik və uşaq yoxsulluğu Avropada reallığa çevrilib. Məhbuslara qarşı işgəncə və qeyri-insani davranışa son qoyulmalıdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin