Mingəçevir, 26 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevirdə məşğulluq və işsizlik məsələləri, əhalinin işlə təmin edilməsi, dövlət məşğulluq siyasətinin həyata keçirilməsində sosial tərəfdaşların hüquq və vəzifələri müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, Mingəçevir şəhər Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə “Sosial tərəfdaşların məşğulluq xidmətində rolu” mövzusunda keçirilən “dəyirmi masa”da 21 idarə, müəssisə və təşkilatdan nümayəndələr iştirak edib. Şəhər məşğulluq mərkəzinin direktoru İsmayıl Məmmədov qeyd edib ki, Mingəçevirdə əhalinin işlə təmin olunması, məşğulluq və işsizlik səviyyəsi hər zaman diqqət mərkəzində saxlanılır.
Tədbirdə işə qəbul olunanlar və işdən çıxanlar, ştatların ixtisarı, işədüzəltmə, kvota üzrə işədüzəltmə kimi məsələlərə aydınlıq gətirilib, bu sahədə işəgötürənlərin vəzifələri barədə geniş məlumat verilib. Hər il Mingəçevirdə təşkil edilən əmək yarmarkasının, tələbə və məzunlar üçün “Karyerada ilk addım” adlı tədbirin əhəmiyyəti qeyd olunub. Tədbirdə günün tələblərinə uyğun kadr hazırlığı məsələlərindən danışan İsmayıl Məmmədov qeyd edib ki, bu iş daim diqqət mərkəzində saxlanılmalı və ixtisaslı işçi qüvvəsinin təkrar hazırlığı məqsədilə məşğulluq mərkəzinin nəzdində peşə kurslarının sayı artırılmalıdır.
