Bakı, 27 noyabr, AZƏRTAC
Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində “Qəbələ” (Azərbaycan) komandası Yunanıstanda “PAOK” klubu ilə qarşılaşır.
AZƏRTAC xəbər verir ki, Saloniki şəhərindəki “Tumba” stadionunda keçirilən oyunda “Qəbələ”nin heyətində Dmitri Bezotosnı, Voyislav Stankoviç, Rikardinyo, Arif Daşdəmirov, Rafael Santos, Rəşad Sadiqov, Aleksey Qay, Samir Zərgərov, Ermin Zets, Sergey Zenyov və Aleksey Antonov meydana çıxıblar.
“PAOK”un ilk on birliyində isə Panagiotis Glikos, Giannis Skondras, Stelios Malezas, Giorgos Tzavellas, Stelios Kitsiu, Aleksandros Tziolis, Robert Mak, Qarri Rodriqes, Ergys Kaçe, Dimitris Pelkas və Dimitar Berbatov yer alıblar.
Oyunu danimarkalı baş hakim Yakob Kehlet idarə edir. Matçda ona həmyerliləri Henrik Larsen və Lars Riks kömək edəcəklər. Əlavə köməkçi hakim funksiyasını Mads-Kristoffer Kristoffersen və Peter Kyesqor-Andersen yerinə yetirəcək. Qarşılaşmanın dördüncü hakimi isə Lars Hummelqor olacaq.
Hazırda “C” qrupunda keçirdiyi dörd oyundan sonra bir xal toplayan Roman Qriqorçukun baş məşqçisi olduğu komanda qrupda sonuncu sırada qərarlaşıb. Hesablarında 10 xal olan Almaniyanın “Borussiya” və Rusiyanın “Krasnodar” komandaları qrupda birinci, ikinci yerləri bölüşürlər və Avroliqanın növbəti mərhələsinə vəsiqə qazanıblar. “PAOK” isə 3 xalla qrupda üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, “Krasnodar” kollektivi doğma meydanda bu gün keçirilən oyundan sonra Almaniyanın “Borussiya” klubunu 1:0 hesabı ilə məğlub edərək xallarının sayını 10-a çatdırıb.
Beləliklə, Avroliqada növbəti mərhələyə yüksəlmək imkanlarını itirən Azərbaycan çempionatının bürünc mükafatçısı qrupda üçüncü yerə yüksəlmək üçün səfərdə qələbə qazanmalıdır.
“Qəbələ” komandası Avroliqanın növbəti oyununda səfərdə “PAOK” klubu ilə qarşılaşır