Bakı, 28 noyabr, AZƏRTAC
Polis ABŞ-ın Kolorado ştatındakı Kolorado-Sprinqs şəhərində yerləşən ailə planlaması klinikasında atəş açanın şəxsiyyətini müəyyənləşdirib.
AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, hüquq mühafizə orqanlarındakı mənbənin məlumatına əsasən, şübhəli 59 yaşlı ağdərili Robert Lyuis Diar adlı şəxsdir. Cinayətin motivləri barədə məlumat verilmir.
Polis nümayəndəsinin məlumatına əsasən, tibb müəssisəsində baş verən atışma zamanı 3 nəfər – bir polis və iki mülki şəxs həlak olub, aralarında 5 polis əməkdaşının da olduğu 9 nəfər isə yaralanıb. Son informasiyaya görə, hadisə yerinə gələn qanun keşikçiləri silahlını təslim olmağa razı sala biliblər.
İstehkamçılar hələ də klinikanın binasında və yaxınlıqdakı dayanacaqda saxlanılan avtomobillərdə partlayıcı olub-olmadığını araşdırırlar.