Bakı, 30 noyabr, AZƏRTAC
Noyabrın 30-da NATO-nun baş katibi Yens Stoltenberq Şimali Atlantika alyansının Türkiyənin hava məkanını müdafiə haqlarını dəstəklədiyini bildirib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə o, Türkiyənin Baş naziri Əhməd Davıdoğlu ilə keçirdiyi birgə mətbuat konfransında deyib. Yens Stoltenberq, həmçinin rəsmi Ankaranın gərginliyi azaltmaq üçün Moskva ilə əlaqələri nizamlamaq cəhdlərini də alqışlayıb.
Xatırladaq ki, Ankara-Moskva münasibətləri noyabrın 24-də Rusiyaya aid Su-24 təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulmasından sonra gərginləşib.
Bu arada Rusiya Prezidenti Vladimir Putinin BMT-nin iqlim məsələləri üzrə Parisdə keçirilən konfransı çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşməyəcəyi barədə məlumat yayılıb.