Dağılmış evin maketi, yarımçıq poema və Xurşidbanu Natəvandan Üzeyir bəyə qalan güzgü

Dağılmış evin maketi, yarımçıq poema və Xurşidbanu Natəvandan Üzeyir bəyə qalan güzgü
11:49 4 Dekabr 2015
21 Sosial
Ölkə mətbuatı
A- A+

Bu divarlar arasında Azərbaycan mədəniyyətinin çox dəyərli əsərləri yaranıb. Bu məkan öz qonaqlarına yaxın Şərqdə ilk opera olan “Leyli və Məcnun”dan başlayaraq “Koroğlu”ya qədər  bütün musiqili səhnə əsərlərindən danışır, həmin əsərlərin yaranmasına şahidlik edən əşyaları özündə qoruyub saxlayır.  
 
Bu gün biz, dahi bəstəkar, böyük alim, dramaturq və publisist Üzeyir Hacıbəylinin ev-muzeyindəyik. Milli bəstəkarlıq məktəbinin yaranması və təşəkkül tapmasında imzası olan Üzeyir Hacıbəyli 27 il - yəni  1915-ci ildən 1942-ci ilə qədər məhz bu mənzildə yaşayıb.  
 
Ev-muzeyi 4 ekspozisiya otağı, 1 sərgi salonundan və inzibati hissədən ibarətdir. Bu evdə hər şey Üzeyir bəyin zamanında olduğu kimi saxlanılır. Divarlardakı fotoşəkillər də bunu deməyə əsas verir. 
 
Ev muzeyinin geniş yaradıcı kollektivi var. Buranın direktoru bəstəkar, əməkdar incəsənət xadimi Sərdar Fərəcovdur. 
 
Gördüyünüz əşyalar bəstəkarın Şuşadakı evindən gətirilib. Şəhərin işğalından bir ay öncə, 1991-ci ilin aprelində Üzeyir bəyin bütün əşyaları Bakıya, məhz bu evə köçürülüb. Burada gördüyünüz isə onun Şuşadakı evinin maketidir. Bu ev də zamanında muzey olub, 1959-cu ildən 1992-ci ilədək.  Erməni işğalından sonra bu ev dağıdılaraq məhv edilib...  
 
Muzeydə Üzeyir bəyin iş otağı var.  Onun “Koroğlu” operasını bəstələdiyi royalı da eksponatlar arasında görmək olar. 
 
İş otağında olan kitab dolabında müxtəlif dillərdə və mövzularda kitablar yer alıb. Burada şərqin tarixinə aid kitablar var. Qəribə də olsa Üzeyir bəy kimya elmini çox sevirdi. Bu elmə də aid kitablarla məhz indi gördüyünüz dolabda rast gəlmək olar. Burada həmçinin riyaziyyat elminə aid kitablar da görmək olur. 
 
Üzeyir bəy dərs dediyi məktəbdə şagirdlərin riyaziyyat fənindən dərsliklərinin olmadığını görüb, özü şəxsən dərslik tərtib edib.  Ümumiyyətlə, Üzeyir bəy mütaliəni sevən adam olub və 6 dildə sərbəst danışıb, yazırdı.  
 
 
 
Otaqda nümayiş olunan iş masası bəstəkarın əvəzolunmaz əsərlərinin yaranmasının şahidi olub. Eynən bu qələm kimi... Gördüyünüz bu mürəkkəb qabları, şamdanlar, eynək, hər birinə dahi bəstəkarın barmaqları dəyib. Məhz bu masanın üzərində ona əziz olan əşyalar yer alıb. Onun istifadə etdiyi telefonda bu gün də əl izləri qorunur. Bu kiçik büst isə Üzeyir bəyin sevdiyi rus bəstəkarı Pyort İliç Çaykovskinindir. 
 
Üzeyir bəy deyirdi ki, o, öz yaradıcılığında məhz Çaykovskidən ilham alırdı.  
Masanın üzərində həmçinin yarımçıq qalmış “Azərbaycan” simfonik poemasının partiturası da var.  Üzeyir bəy bu poemanı ömrünün son günlərində yazmağa başlayıb... 
 
 
Amma əfsus, əcəl bu əsəri tamamlamağa imkan verməyib. "Azərbaycan" simfonik poeması ilə yanaşı dahi bəstəkarın müasir mövzuda olan “Firuzə” operası da yarımçıq qaldı. Bu, bəstəkarın son operası idi...
 
Bu otağın divarında Üzeyir bəyin dili ilə desək, onun ağıllı saatı asılıb. Saat hər zaman düz göstərdiyi və heç geri qalmadığı üçün bəstəkar ona “Ağıllı saatım” adını vermişdi.  Divar saatı 2-ni  göstərir. Bu da təsadüfü deyil.  
Böyük bəstəkar 63 yaşında, 1948-ci il, noyabr ayının 22-dən 23-nə keçən gecə saat 2-də əbədiyyətə qovuşub. Bəstəkarın ürəyi dayanan andan onun yaxınları bu ağıllı saatı da saxlayırlar. Sanki bəstəkarın ölümü ilə zaman da donub bu evdə...
 
Divardan asılan bu xalça Üzeyir bəyə 60 illik yubileyi münasibəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri tərəfindən hədiyyə edilib. Xalça simvolik xarakter daşıyır. Onun Üzərində Üzeyir bəyin portreti ilə yanaşı, "Leyli və Məcnun", "Koroğlu" operalarından, həmçinin Qərb musiqi alətləri ilə milli musiqi alətlərinin vəhdətini təsvir edən rəsmlər də var. Heç şübhəsiz ki, belə bir detalın burada yer alması təsadüfi deyil. Çünki, Azərbaycanın musiqi tarixində məhz Üzeyir bəy 1908-ci ildə "Leyli və Məcnun" operasının nümayişi zamanı Qərb tipli orkestrin tərkibinə tar və kamançanı daxil edib.
Xalçadakı tank rəsmi Üzeyir bəyin İkinci Dünya Müharibəsi zamanı faşizm üzərində qələbədə xidmətlərinə bir işarədir. Həmin vaxt dahi bəstəkar cəbhəyə yardım məqsədilə şəxsi büdcəsindən 100 min rubl vəsaiti tankın alınmasına köçürüb. SSRİ-nin rəhbəri Stalin isə Üzeyir bəyin bu addımını cavabsız qoymayaraq ona minnətdarlıq teleqramı yollayıb. Həmin teleqram da muzeyin ekspozisiyasında nümayiş etdirilir.
 
Dörd divarı bəzəyən, keçmişi özündə yaşadan ağ-qara fotolar muzeyə baş çəkənləri bəstəkarın yaşadığı dövrə aparır. Burada SSRİ xalq artisti Müslüm Maqomayevin portreti də var. 
 
Axı onları biri-birinə bağlayan xüsusi amillər var idi. Məhz Müslüm Maqomayev Üzeyir Hacıbəyli ilə eyni ildə, ayda və gündə dünyaya göz açıb. 1885-ci il, sentyabrın 18-də Ağcabədidə Üzeyir, Çeçenistanın paytaxtı Qroznı şəhərində isə, Müslüm dünyaya gəlir. 
 
Verilişdə həmçinin maraqlı bir rəsm əsərindən də söz açılıb. Əsərdə  Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadə və Üzeyir Hacıbəyli əks olunublar. Diqqət yetirsəniz, rəsmdəki məhz bu gördüyünüz iş masasıdır. Onlar yaradıcılıqdan danışaraq, fikir mübadiləsi aparırdılar. 
Muzeydə Üzeyir bəyin yataq otağı da nümayiş olunur.  Burada Üzeyir bəyin ailə fotoları sərgilənir. Həyat yoldaşı Məleykə xanımla Peterburqda çəkdirdiyi şəkil, anasının, qardaşlarının şəkilləri dahi bəstəkarın ailəsini bizə daha yaxından tanıdır. 
 
Üzeyir bəyin anası Şirinbəyim xanım qızların təhsil almasının dəbdə olmadığı bir dövrdə molla təhsili alır. Ona molla xanımlar Qurani Kərimi öyrədərdi. Ailədə üç oğul böyüyür. Onların böyüyü Zülfüqar, ortancıl Üzeyir, kiçik qardaş isə Ceyhun Hacıbəyli idi. Zülfüqar Hacıbəyli də bəstəkar olub. Ceyhun Hacıbəyli isə mühacir həyatı yaşayıb. Üzeyir bəyin iki bacısı da var idi, Abuhəyat və Səyat xanımlar. Onların hər ikisinin həyat yoldaşı erkən vəfat edib. Üzeyir bəy gənc yaşında dul qalmış hər iki bacısının övladlarını məhz bu evə gətirərək, böyüdüb boya-başa çatdırıb. Tale dahi bəstəkara övlad nəsib etməyib. O, da  öz əsərlərinə “Mənim övladlarım” deyirdi. “Koroğlu” onun oğlu “Leyli və Məcnun” isə qızı idi... 
 
Bəstəkar heç vaxt təmtərağı sevməyib, o, sadə həyat tərzinə üstünlük verib. Burada gördüyünüz mebellər Məleykə xanımın cehizlikləridir. Bu kamotun üzərində bəstəkarın təraş dəsti və eynəyi var. Ancaq bu gördüyünüz güzgü Üzeyir bəyə və onun ailəsinə yox, şairə Xurşidbanu Natəvana məxsusdur. Güzgünü muzeyə Natəvanın nəvəsi Leyla xanım təqdim edib. Axı Üzeyir bəyin atası xan qızı Natəvanın sarayında Mirzə olub. 
 
Muzeydə dahi bəstəkarın frakı olduğu kimi qorunub saxlanılır.Məhz bu geyimdə Üzeyir bəy saysız-hesabsız əsərlərinə dirijorluq edib...  
Bəstəkarın ev muzeyinin üçüncü otağı digərləri kimi memorial deyil. Bu otağa sonradan muzey işçiləri və rəssamlar tərtibat veriblər. Burada dahi bəstəkarın yaradıcılığı sərgilənir. 

Üzeyir Hacıbəyli həm də dramaturq idi. O, özünün ən iri həcmli səhnə əsərlərindən doqquzunun libretto müəllifi olub.  
 
Burada Azərbaycanın görkəmli rəssamı Cəzihə Səmədovanın yaratdığı iri həcmli əsər var: “Üzeyir Hacıbəyli və onun tələbələri” adlanır. Tabloda Cahangir Cahangirov, Süleyman Ələsgərov, Fikrət Əmirov, Ədilə Hüseynzadə, Elmira Nəzirovanı görmək olar. Üzeyir bəyin tələbələri sırasında həmçinin Azərbaycanın görkəmli bəstəkarları Səid Rüstəmov, Qara Qarayev, Əşrəf Həsənov, Soltan Hacıbəyov, Hacıxan Məmmədov, Şəfiqə Axundova və başqaları var. Onlar Konservatoriyada Üzeyir bəyin sinfində təhsil alıblar. Azərbaycanda fəaliyyət göstərən ilk musiqi ocaqlarının da banisi məhz Üzeyir Hacıbəyli olub.  
 
Stenddə musiqi kollektivləri, Simfonik orkestr, Xalq Çalğı Alətlərinin notlu orkestri, Xalq Çalğı Alətləri ansamblı, Simli kvartet, Dövlət xorunu da görürsünüz ki, onların da yaradıcısı Üzeyir bəy olub. 
 
Bu otaqda həmçinin iki stend də var ki, burada Üzeyir bəyin ən sevimli və dəyərli hədiyyələri saxlanılır. Bu geniş stenddə bəstəkarın  əsərlərindən fraqmentləri də görmək olar. 
 
“Bu otaqda çox dəyərli dostluq şarjı var. Bu dostluq şarjının müəllifi, rus rəssamı, professor Mixail Alekseyevçdir. Bu şarjı o, 1938-ci ildə Azərbaycanın Moskvada keçirilən Dekada günlərindən ilhamlanaraq çəkmişdi. Şarjda Üzeyir bəy ən öndə verilib. Onun ardınca isə görkəmli sovet bəstəkarları əks olunub. Görünür bu rəsmlə böyük rus rəssamı etiraf edir ki, dövrünün ən görkəmli bəstəkarı məhz Üzeyir Hacıbəylidir.
 
Bura isə qonaq otağıdır. Burada üzərinə gümüş qablar düzülən yemək masası, samovar, mis kasalar, qrammofon, radio qəbuledici, dostlarının ona hədiyyələri və daha nələr, nələr var... 
 
Üzeyir bəy çox qonaqpərvər adam olub. Evi qonaq-qarasız olmazdı. Və onun bir ənənəsi var idi, evinə gələn hər kəs süfrəsində əyləşib yemək yeməli idi. O, hətta küçəyə baxıb, kasıb və ehtiyac içində yaşayan birini görərdisə, mütləq evə dəvət edib, süfrəsinə qonaq edərdi.  
Otaqdakı sonuncu stenddə isə bəstəkarın dəfn mərasimini əks etdirən fotolar nümayiş olunur. 
 
Üzeyir Hacıbəyli 1948-ci ilin, noyabr ayının 22-dən 23-ə keçən gecə vəfat edib.  Bəstəkarla vida mərasimi  AMEA-nın rəyasət heyətinin binasında keçirilib. Üzeyir bəyin cənazəsini Fəxri Xiyabanadək çiynində daşıyanlardan biri də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırov olub. 
 
Bu da Azərbaycan musiqisində əvəzsiz yeri olan Üzeyir Hacıbəylinin həyatından bəlkə də balaca bir parça... Onun yaradıcılığı hələ çox nəsillərə nümunə olacaq. Bütün bunlarla yaxından və canlı tanış olmaq istəyənlər Bakda Şamil Əzizbəyov küçəsi 69-a baş çəkə bilərlər. Muzey məhz bu ünvanda yerləşir və bazar ertəsi istisna olmaqla həftənin bütün günləri qonaqların üzünə açıqdır. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223912

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR