Politoloq: Rusiya ətrafında və ya Rusiya ilə əlaqəli ciddi proseslər baş verir

Politoloq: Rusiya ətrafında və ya Rusiya ilə əlaqəli ciddi proseslər baş verir
13:18 4 Dekabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Rusiya ətrafında və ya Rusiya ilə əlaqəli ciddi proseslər baş verir.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib:

"I. Rusiya hərbi qüdrətini nümayiş etdirməkdə davam edib. Aralıq dənizindəki sualtı gəmidən atdığı raketlə Suriya ərazisindəki hədəfi dəqiqliklə vurdu. Xəzər dənizindən də yenidən atəş açdı, 18 raket zərbəsi endirdi; Rusiyanın yeni super silahını televiziya kanalları təsadüfən nümayiş etdirdi; “Kapustin yar” poliqonundan (Astraxan, RF) buraxdığı “Topol” qitələrarası ballistik raketlə “Sarı-Şaqan” (Qazaxıstan) poliqonunda hədəfi vurdu.

II. İran RF-lə əməkdaşlığa prioritet elan etdi. İranın Rusiyaya bu yaxınlaşma siyasətinə cari taktiki addım kimi də yanaşmaq olar. RF-lə əməkdaşlığa gedən İran Qərbin bütün sanksiyalarını ləğv etməsini və 100 milyard dollarlıq vəsaitini geri almaq məqsədi daşıya bilər. İranın RF-lə indiki əməkdaşlığı həm də dünya qaz bazarında qayda yaratmaq üzərində qurulub. Qaz İxrac edən Ölkələrin Forumunun yaradılması bu məqsədə xidmət edir. Rusiya və İran dünyada qaz ehtiyatlarına görə, 1-ci və 2-ci yerlərin sahibləridir. BP-nin açıqladığı hesabata görə, 34 trilyon kub metr qazla İran dünyada birincidir. RF-lə İranın əməkdaşlığının ilk 5-6 ili RF-in xeyrinə olacaqdır. Çünki İranın qazı istehsal etməyə və onu dünya bazarına çıxarmağa infrastrukturu yoxdur. Müəyyən bir dövrdən sonra İran dünya bazarında Rusiyaya ciddi rəqabət yarada bilər.

III. Məhz Rusiya faktoruna görə, Qərb Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması məsələsinə münasibətini dəyişdi. ABŞ və onun müttəfiqləri B. Əsədin hakimiyyətdə müəyyən müddət qalması ilə razılaşıblar.

IV. Parisdəki terror aktı Fransanın Rusiyaya mövqeyini dəyişdi. Fransa prezidenti F. Oland ABŞ-a və Rusiyaya səfər edərək, İŞİD-ə qarşı mübarizəni gücləndirmək üçün yeni koalisiya yaratmağı təklif etdi. V.Putin Suriyadakı hərbi qüvvələrinə Fransa hərbi qüvvələri ilə müttəfiq kimi əməkdaşlıq etməyi əmr etdi. F.Oland Moskvada olarkən hətta Qərbin RF-ə tətbiq etdiyi sanksiyaları aradan qaldırmasını gündəliyə gətirdi.

V. G-20 sammiti Rusiyaya artan marağın göstəricisi oldu.

VI. Boliviya prezidenti E.Morales öz ölkəsinin Çili ilə olan problemini aradan qaldırmaq üçün V.Putindən kömək istədi. Boliviya Çili ilə mübahisəli ərazinin hesabına dünya okeanına çıxışından məhrumdur. V.Putin bu problemi öyrənməyə söz verdi.

M.Əhmədoğlu bildirib ki, Qərb V.Putinin başçılıq etdiyi Rusiyanın gücləndiyini görür və bununla barışmaq istəmir:

"I. ABŞ Suriya istiqamətindəki hərbi qüvvələrinə və müxalifətə dəstəyini artırır.

II.Türkiyə Rusiyanın Su-24 təyyarəsini vurdu. Bunu Rusiya qırıcı təyyarəsinin öz hava məkanını pozması ilə əsaslandırdı. Amma Türkiyə rus təyyarəsinin öz hava məkanını pozmasını və Rusiya təyyarəsinə hava məkanını pozması ilə bağlı xəbərdarlıq etməsini sübut edə bilmədi. Türkiyənin bu addımı Rusiyanın kəskin reaksiyasına səbəb oldu. V.Putin Türkiyənin bu addımını “arxadan zərbə” kimi dəyərləndirdi. Cavabsız qalmayacağını bəyan etdi. V.Putin R.T.Ərdoğanı terrorçuları himayə etməkdə ittiham etdi. Rusiya Türkiyə ilə bütün istiqamətdə əlaqələri kəsməyə başladı. Hətta Rusiya üçün strateji əhəmiyyətli layihələr olan “Akkuyu” AES-in və “Türkiyə axını” layihəsinin tikintisini dayandıra bilər. V.Putin Türkiyə ilə əlaqələri məhdudlaşdırmaq üçün xüsusi qərar imzaladı. V.Putin R.T.Ərdoğanın zənglərini cavabsız qoydu. Putin Ərdoğanla görüşdən imtina etdi. R.T.Ərdoğanın görüşlə bağlı bütün manevrləri nəticəsiz qaldı".

Mərkəz rəhbəri qeyd edib ki, Ərdoğanın zəngindən sonra Qazaxıstan prezidenti N.Nazarbayevin barışıq missiyası da Parisdə işləmədi: "Amma bu barışıq missiyası ümid yaradır. N.Nazarbayev ikitərəfli komissiya yaratmağı təklif edib. Bu ideyadan imtina etmək çətindir. Bu ideya üzr istəməyə aparan yol da ola bilər. RF belə hesab edir ki, Türkiyə bu addımı təkbaşına atmayıb, ABŞ-ın diktəsi ilə bu addıma gedib. R.T.Ərdoğanın hadisədən dərhal sonra ABŞ prezidenti B.Obama ilə telefon danışması, baş nazir Ə.Davudoğlunun iclas keçirərək NATO və BMT-yə müraciət məsələsini aktuallaşdırması Türkiyənin bu məsələdə ABŞ-la razılaşmasının olduğunu sübut edir. ABŞ tərəfdən verilən açıqlamalar da bunu deməyə əsas yaradır".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2465011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR