Tbilisidə Enerji Xartiyasının növbəti konfransı keçirilib

Tbilisidə Enerji Xartiyasının növbəti konfransı keçirilib
13:58 4 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Tbilisi, 4 dekabr, AZƏRTAC
Dekabrın 4-də Tbilisidə Enerji Xartiyasının 26-cı konfransı keçirilib.
Əllidən çox ölkənin müvafiq nazirliklərinin və əlaqədar təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanı Energetika Nazirliyinin Dövlət proqramlarının hazırlanması və icrasına nəzarət şöbəsinin əməkdaşı, Enerji Xartiyası İnvestisiya Qrupunun sədri Pərviz Qəribzadə təmsil edib.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili tədbirdə çıxış edərək enerji sahəsində ölkəsində həyata keçirilən islahatlardan danışıb, Gürcüstanın bu sahədə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirib.
Energetika Xartiyasının baş katibi Urban Rusnak çıxışında bildirib ki, bizim əsas məqsədimiz enerji təhlükəsizliyi, Avropada, Asiyada və Cənubi Qafqazda enerji sahəsində əməkdaşlıq, xüsusən də transsərhəd regionlarda enerji daşıyıcılarının ticarətinin genişləndirilməsi və bu yolla əlaqələrin genişləndirilməsi, elektrik enerjisi istehsalı sahəsinə sərmayə qoyuluşunun artırılmasına nail olmaq və digər məsələləri müzakirə etməkdir.
Bildirilib ki, bu sahədə əməkdaşlığın genişlənməsi, ölkələrin dayanıqlı elektrik enerjisi ilə təminatında, enerji təhlükəsizliyində mühüm rol oynayır.
Pərviz Qəribzadə İnvestisiya Qrupunun birillik fəaliyyəti barədə hesabat verib. Bildirib ki, son bir il ərzində qrupun 3 iclası keçirilib. Kipr, Tacikistan, Latviya və digər ölkələrin energetika sahəsində gördükləri işlər, investisiya imkanları müzakirə olunub. Bir sıra vacib sənədlər hazırlanıb. Bu sənədlərdə Azərbaycanın investisiya mühiti, imkanları barədə məsələlər də əksini tapıb.
Müzakirələr zamanı Cənubi Qafqaz regionunda enerji təhlükəsizliyinin təmin olunması, onun inkişafında Azərbaycanın rolu xüsusi qeyd olunub. Bildirilib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “Şahdəniz-2”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, TANAP və digər layihələr təkcə Cənubi Qafqazın deyil, ümumilikdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Konfransda enerji sahəsinə sərmayə qoyuluşunun artırılmasının, adları çəkilən layihələrin, eləcə də digər enerji layihələrin dəstəklənməsinin vacibliyi vurğulanıb.
Sonda xatirə şəkli çəkdirilib, mətbuat konfransı keçirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tbiliside_Enerji_Xartiyasinin_novbeti_konfransi_kechirilib-908223

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR