General korrupsiya ittihamlarına cavab verdi

General korrupsiya ittihamlarına cavab verdi
16:42 4 Dekabr 2015
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Beynəlxalq "Transparency İnternational" təşkilatı tərəfindən şübhə doğuran mənbələrə əsaslanaraq hazırlanan məruzədə Azərbaycanın müdafiə sektorunun guya "ən yüksək riskli korrupsiya" ilə üzləşməsinə dair çıxarılan nəticənin heç bir əsası yoxdur və bu məlumat adıçəkilən qurumun ölkəmizə qarşı qərəzli mövqedə olmasını açıq-aydın əks etdirir.

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, keçmiş korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib. 

Ekspertin sözlərinə görə, erməni lobbisi ilə sıx əməkdaşlıq edən və müxtəlif erməni təşkilatlarının maliyyə dəstəyindən, məmnuniyyətlə, bəhrələnən bir təşkilatın Azərbaycan haqqında böhtan xarakterli sənəd yayması heç də təəccüblü deyil: "Özü korrupsiyaya qurşanmış bir təşkilatın müxtəlif ölkələrdə korrupsiya risklərindən danışması, onun yaydığı sənədi və təşkilatın şəffaf və ədalətli olmasını da sübhə altına alır".

Keçmiş korpus komandiri qeyd edib ki, Azərbaycanda müdafiə sektorunda şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması istiqamətində "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nı və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" üzrə tədbirlər həyata keçirilir.

İlk növbədə, hər iki planın Azərbaycan Respublikasının Silahlı Qüvvələrində icrasının təmin edilməsi barədə müdafiə naziri tərəfindən müvafiq əmr verilərək tədbirlər planları təsdiq olunub.

Eyni zamanda, görülən işlər barədə Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabatlar təqdim edilir.

Bundan əlavə Müdafiə Nazirliyi öz fəaliyyəti haqqında xəbərləri mütəmadi olaraq nazirliyin rəsmi internet səhifəsinə yerləşdirməklə kütləvi informasiya vasitələrini və ictimaiyyəti ətraflı məlumatlandırır.

Gereral bildirib ki, təəssüf doğuran odur ki, bəzi kütləvi informasiya vasitələri bu cür qərəzli məlumatları səxavətlə öz səhifələrində dərc edir, itkilərimizə sevinir, erməni saytlarının məlumatlarını tirajlayır: "Reallığı, yəni əldə edilən uğurları görmür, ya da ki onlara sərf etmədiyi üçün görmək istəmirlər. Bir daha qeyd edək ki, xalqın gözü tərəzidir və son illər ictimai təşkilatlardan, vətəndaşlardan, əsgər valideynlərindən daxil olan minnətdarlıqla dolu on minlərlə yazılı müraciətlər Ali Baş Komandanın rəhbərliyi altında aparılan uğurlu ordu quruculuğu prosesinin düz yolda, düz istiqamətdə olduğunu, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsinə xidmət etdiyinin əyani sübutudur".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/387643.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR