“Bəs atam deyirdi, üzməyi yaxşı bilir?...” - VİDA GÖRÜŞÜ

“Bəs atam deyirdi, üzməyi yaxşı bilir?...” - VİDA GÖRÜŞÜ
16:34 8 Dekabr 2015
946 Ölkə
Ölkə mətbuatı
A- A+

Qəzada həlak olan neftçilərdən daha biri bu gün torpağa tapşırılıb

- Bəs atam deyirdi, üzməyi yaxşı bilir?...

 

Atasının suda boğulduğunu eşidən 10 yaşlı İlahənin ilk sualı bu olub. Əvvəl hamıya, sonra öz-özünə elə hey bu sualı verib. Balaca canıyla heç cür başa düşə bilmirmiş ki, necə ola bilər, hamıdan güclü atası dənizdə boğular? Qapıbir qonşusu Elşad Namazov deyir, Habil 10 ildən çoxdur SOCAR-da işləyirdi. Təcrübəli neftçiydi. Bütün təhlükəsizlik qaydalarını bilirdi.

 

Şübhəsiz, Habil İsgəndərov yaxşı neftçi olub. Təhlükəsizlik qaydalarına da yaxşı bələd olub. Əgər həmin gün qasırğa olmasaydı, yaxud da qayıq sınıb, içindəkilərlə birgə dənizə tökülməsəydi.

 

50 yaşlı Habil İsgəndərovun adı da itkin düşmüş neftçilər siyahısındaydı. Dünən dənizdən daha 4 neftçinin meyiti tapılana qədər. Meyitinin tapılması Habilin yaşadığı haqqında ümidləri söndürsə də, ailənin gözünü yoldan yığdı.

 

Bu gün o, yaşadığı evdən son mənzilinə yola salınırdı. Yaşadığı binanın həyətində iki mağar qurulmuşdu. Qohum-əqrəba, dost-tanış, qonum-qonşu mağarın qabağındaydılar. Bir qədər sonra neftçi dostları da gəlib çıxdılar. Hamısının üzündə dərd, kədər...

 

Balaca İlahə atasının necə öldüyünü bu gün də başa düşməsə də, artıq reallıqla barışıb. Qardaşı Ceyhun isə ondan fərqli olaraq, boynuna düşən məsuliyyəti ağırlığı ilə tam dərk edir. Təmkinlidi. Başsağlıqları qəbul edir, dəfn işlərilə maraqlanır. Universitetin sonuncu kursundadı. Qonşusu Elşad bəyin sözlərinə görə, atasının arzusu Ceyhunun xaricdə təhsil alması olub.

 

Mərhumun həyat yoldaşı Dilbər xanım isə gözə dəymir. Mağardan bayıra çıxmadı. Ta ki, cənazə gətirilənə qədər. Habilin nəşini gətirən maşın binanın tinindən görünən kimi qabağına qaçdı. Ardınca da digərləri mağardan çıxdılar. Ağı səsləri bir-birinə qarışdı...

 

Mərhumun ruhuna dualar oxundu, tabut çiyinlər üstünə qaldırıldı.

 

Dekabrın 4-də “Günəşli” yatağının 10-cu platformasında baş vermiş qəza nəticəsində həlak olanlardan biri – Habil İsgəndərov bu gün Mehdiabad qəbiristanlığında torpağa tapşırıldı...

 

Allah rəhmət eləsin!










Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224424

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR