Mingəçevirdə “Biznes ideyası yarat və öz biznesinə başla” mövzusunda tədbir təşkil olunub

Mingəçevirdə “Biznes ideyası yarat və öz biznesinə başla” mövzusunda tədbir təşkil olunub
12:28 17 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Mingəçevir, 17 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Mingəçevirdə “Biznes ideyası yarat və öz biznesinə başla” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin rəhbəri Akif Abbasov çıxış edərək, maarifləndirmə xarakterli tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, hazırda ölkəmizdə kiçik və orta biznesin inkişafına dövlət tərəfindən lazımi dəstək verilir, sahibkarların fəaliyyətinin genişlənməsi üçün, eləcə də rəqabətqabiliyyətli və keyfiyyətli məhsulların istehsalına stimul yaradan tədbirlər görülür. Qeyd edilib ki, Bakı Biznes Tədris Mərkəzinin fəaliyyətində əsas məqsəd sahibkarlıq təşəbbüslərinin artırılması, sahibkarların maarifləndirilməsi və onların informasiya təminatının gücləndirilməsi, yeni iqtisadi şəraitdə iş təcrübəsinin mənimsənilməsidir. 2007-ci ildən başlayaraq fəaliyyət göstərən Bakı Biznes Tədris Mərkəzinin hazırda Gəncə, Şəki, Lənkəran, Qazax, Yevlax, Göyçay və Xaçmaz nümayəndəlikləri mövcuddur.
Akif Abbasov tədbir iştirakçılarına biznes fəaliyyətinə başlamağın yolları, biznes barədə ideyanın formalaşdırılması, biznes planın hazırlanması, sərmayə qoyuluşu, rəqabətqabiliyyətli məhsul istehsalı, bazar iqtisadiyyatının tələbləri, müştərilərə xidmət, reklam, biznes sahəsində biliklərin əldə edilməsi və əlaqələr yaratmağın vacibliyi barədə məlumat verib. Bildirilib ki, hər kəs öz biznesinə başlamazdan əvvəl nə ilə məşğul olmaq istədiyini müəyyənləşdirməlidir. Uğurlu biznes həm müştərilərin tələbatını ödəyir, həm də sahibkarların gözləntilərini reallaşdırır. Akif Abbasov güzəştli kreditlər, biznesin qurulması üçün ilkin addımlar, uğurlu biznesin mərhələləri, biznesin növləri barədə də danışıb.
“Mingəçevir Sahibkarlığın İnkişafına Dəstək” İctimai Birliyinin sədri Vaqif Həsənov qeyd edib ki, bir çoxları biznes ideyası haqqında nəyi öyrənməyi, ideyaları necə seçməyi, biznes plan hazırlamağı bilmir. Elə bunun nəticəsidir ki, onlar götürdükləri kreditləri təyinatı üzrə xərcləməyi bacarmadıqlarından sonradan problemlərlə üzləşirlər. Bizneslə kor-koranə yox, savadlı şəkildə məşğul olmaq lazımdır.
Tədbirdə monitor vasitəsilə biznes fəaliyyətinin qurulması və inkişafı ilə bağlı nümunələr göstərilib, elektron xidmətlər, İqtisadiyyat və Sənaye Nazirliyinin, eləcə də Bakı Biznes Tədris Mərkəzinin internet saytlarından istifadə qaydaları, sahibkarlıq fəaliyyətinə başlamaq üçün hansı sənədləşdirmə işlərinin görülməsi və müvafiq dövlət qurumları ilə əlaqə vasitələri barədə məlumat verilib, suallar cavablandırılıb.
Sonda iştirakçılara “Biznes ideyası yarat və öz biznesinə başla” adlı bukletlər paylanılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mingechevirde_Biznes_ideyasi_yarat_ve_oz_biznesine_basla_movzusunda_tedbir_teskil_olunub-911989

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR