İtaliyalı tələbələr Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlandırılıb

İtaliyalı tələbələr Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlandırılıb
14:08 18 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Roma, 18 dekabr, AZƏRTAC
Azərbaycanın İtaliyadakı səfirliyinin müşaviri Vüqar Hacıyev Romadakı La Sapienza Universitetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mühazirə oxuyub. Problemin tarixi, səbəbləri, nizamlanması istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verən diplomat 20 ildən çoxdur davam edən münaqişənin region üçün ciddi təhlükə olduğunu qeyd edib.
O, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionunun və ətraf yeddi rayonunun işğal olunduğunu, bir milyon azərbaycanlının doğma yurdlarından didərgin düşdüyünü vurğulayıb. Qeyd edib ki, Ermənistan Gürcüstan, Azərbaycan və Türkiyə ərazilərində “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayır və yeni nəslə nifrət hissləri aşılayır.
Diplomat diqqətə çatdırıb ki, ermənilərin soydaşlarımıza qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti tarixin müxtəlif dövrlərində özünü göstərib. Xüsusilə Xocalıda dinc əhaliyə qarşı törədilən qətliam xalqımızın yaddaşında dərin iz buraxıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıya hücum edərək şəhəri yerlə-yeksan etmələrini bir daha xatırladan V.Hacıyev bu soyqırımı nəticəsində 613 nəfərin amansızlıqla öldürüldüyünü, səkkiz ailənin tamamilə məhv edildiyini, 1275 nəfərin əsir götürüldüyünü və 150 nəfərin itkin düşdüyünü vurğulayıb. O, məşhur jurnalist, “Qara bağ” kitabının müəllifi Tomas de Vaalın 2000-ci ildə hazırkı Ermənistan prezidenti Serj Sarkisyandan aldığı müsahibəni xatırladıb. S.Sarkisyan müsahibəsində deyib: “Xocalı hadisələrinədək azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldırmazlar. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”.
V.Hacıyev bildirib ki, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması haqqında dörd qətnamə, Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti və digər nüfuzlu regional təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul etsələr də, Ermənistan bu tələblərə məhəl qoymur. Bu səbəbdən, beynəlxalq birlik problemin həlli istiqamətində daha qəti mövqe nümayiş etdirməlidir.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Italiyali_telebeler_Dagliq_Qarabag_munaqisesi_haqqinda_melumatlandirilib-912370

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR