Saatlı şəhər sakini 10 ildir ki, gözətçilik etdiyi obyektdən oğurluq edib. Polis onu isti izlərlə ələ keçirib.
Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Saatlı şəhər sakini Mirşaiq Baba oğlu Həşimov oğurluq etməkdə təqsirli bilinərək saxlanılıb. Polisə məlumat verilib ki, Mirşaiq Həşimov "CTS AQRO" MMC-nin Saatlı şəhərində yerləşən anbarından ziyanverici həşəratlara qarşı istifadə olunan 6500 manat dəyərində kimyəvi maddə oğurlayıb. Bundan sonra Saatlı polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Mirşaiq Həşimov yaxalanıb.
"Şübhəli şəxs, həmin müəssisədə, anbarda gözətçi işləyən Saatlı şəhər sakini Mirşaiq Baba oğlu Həşimov saxlanılıb. Oğurlanan əmlak əldə edilib", - deyə İstintaq Bölməsinin rəisi Əvəzağa Məmmədov bildirib.
Saxlanılan şəxs törətdiyi əməli etiraf edib. Hazırda faktla bağlı araşdırma aparılır. Cinayət işi açılıb.
Milli.Az