Moskvadan türklərə qarşı "kürd kartı"

Moskvadan türklərə qarşı "kürd kartı"
08:17 21 Dekabr 2015
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyədə PKK-ya yaxın olan HDP-nin ( Xalqların Demokratik Partiyası ) həmsədri Səlahəddin Dəmirtaş Moskvaya səfər edəcək. S. Dəmirtaş bildirib ki, səfərin məqsədi partiyasının Rusiya təmsilçiliyinin açılmasıdır. O, səfər çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcəyini də deyib: "Biz güclüyük və bu gücümüzdən istifadə etmək istəyirik. Səfər zamanı Lavrovla görüşəcəyik, Moskvada təmsilçiliyimizi açacağıq".

Milli.Az musavat.com-a istinadən bildirir ki, HDP Türkiyə Böyük Millət Məclisində təmsil olunur və deputat sayına görə üçüncü partiyadır. PKK-ya yaxınlığı ilə tanınan bu partiyanın liderinin Türkiyə-Rusiya gərginliyinin yaşandığı bir vaxtda Moskvaya getməsi sıradan bir hadisə hesab edilmir.

Politoloq Elxan Şahinoğlu bu barədə danışarkən bildirdi ki, Dəmirtaşın Moskvaya səfərini Kremlin istədiyi şübhəsizdir. Rusiya bütün istiqamətlərdə çalışır ki, Türkiyənin bölgədəki rolunu azaltsın, Türkiyəni zəif duruma salsın: "Hətta son vaxtlar Azərbaycanı da Rusiyadakı bəzi mərkəzlər hədələməyə başlayıb. Rusiyada düşünürlər ki, Azərbaycanın hədələnməsi nəticəsində rəsmi Bakı Türkiyə ilə münasibətlərdə məsafə saxlayacaq. Yaxşı haldır ki, hələlik Azərbaycan hakimiyyəti bütün təzyiqlərə rəğmən, Türkiyə ilə strateji müttəfiqliyi qoruyur. Moskva bütün istiqamətlərdə Türkiyəyə zərbələr endirməyə çalışır. HDP sədrinin Moskvaya səfərinin ortaya çıxması, HDP-nin Moskvada şöbəsinin açılacağının elan edilməsi o deməkdir ki, Rusiya PKK və HDP-yə dəstək verərək Türkiyənin daxilində vəziyyəti daha da qarışdırmaq niyyətindədir. Rusiya faktiki olaraq Türkiyənin daxili işlərinə qarışır.

PKK-nın son zamanlar çox fəallaşması da Rusiya ilə bağlıdır. PKK həmişə arxadan zərbə vurub dağlara qaçardı. Ancaq son zamanlar PKK Türkiyənin qəsəbələrinə, şəhərlərinə yerləşib və daxildə Türk silahlı qüvvətlərinə qarşı döyüşür. PKK Rusiyaya arxalanaraq belə edir. Rusiya PKK-nın əli ilə də Türkiyəni zəiflətmək istəyir. Rusiya telekanalları hər gün Türkiyənin bölgələrində baş verən PKK-çılarla toqquşmalar haqqında geniş məlumatlar verirlər və məlumatlarda Türkiyə hökumətinin kürd xalqını qırdığı vurğulanır. Bunun özü də ondan xəbər verir ki, Rusiya PKK ilə də sıx əlaqə qurub. Dəmirtaşın Moskva səfərindən sonra PKK və HDP-nin daha da aktivləşəcəyini söyləmək mümkündür".
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/391804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR