Dilqəm və Şahbaz məsələsi Berndə qalxdı

Dilqəm və Şahbaz məsələsi Berndə qalxdı
14:16 21 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

"Bern görüşündə münaqişənin humanitar aspektləri müzakirə olundu. Soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsi prezident İlham Əliyev tərəfindən bir daha qaldırıldı".

ANS PRESS-in məlumatına görə, bunu AzərTac-a müsahibəsində xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, dövlət başçıları səviyyəsində İsveçrənin paytaxtı Bern şəhərində görüşün keçirilməsi müsbət haldır. Bu görüşün təşkil edilməsi məqsədilə ATƏT-in Minsk qrupunun həmsədrləri və ev sahibi kimi İsveçrə hökuməti tərəfindən göstərilən səyləri təqdirəlayiq hesab edirik.

E.Məmmədyarov deyib ki, Azərbaycan hazırda danışıqlar masasında olan təkliflər əsasında konstruktiv müzakirələrə hazırdır və Bern görüşündə bu mövqe bir daha bəyan olundu.

XİN başçısı həmsədrlərin də istinad etdiyi danışıqlar masasında olan təklifləri də açıqlayıb. "Bu təkliflər 2014-cü il ərzində prezidentlərin Soçi, Nyu-Port və Paris görüşləri zamanı əldə edilmiş razılaşmaları ehtiva edərək, yenilənmiş Madrid prinsipləri əsasında hazırlanıb. Altı bənddən ibarət olan yenilənmiş Madrid prinsipləri isə geniş ictimaiyyətə bəllidir. Burada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafında olan işğal edilmiş rayonların mərhələli şəkildə işğaldan azad edilməsi, o cümlədən digər məsələlər əks olunub.

ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən dəstəklənən və yenilənmiş Madrid prinsipləri əsasında hazırlanmış təkliflərdən çıxış edərək hərtərəfli sülh sazişinin hazırlanması prosesinə başlamağın vaxtıdır. Bəs Ermənistan nəyi gözləyir?

Ermənistan təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca təxribat-diversiya əməlləri törətməklə qəsdən vəziyyəti gərginləşdirmək, Azərbaycanın işğal olunmuş ərazilərində müxtəlif qeyri-qanuni əməllər həyata keçirməklə hər vəchlə münaqişənin həllinə mane olmağa çalışır".

2014-cü il ərzində Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə avqustun 10-da Soçi, ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə sentyabrın 4-də Nyu-Port (Uels) və Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə oktyabrın 27-də Paris görüşləri keçirilib. Bu görüşlər nəticəsində müəyyən müsbət dinamaka əldə edilib və Paris görüşündən sonra Fransa Prezidenti Fransua Olland münaqişə tərəfləri olan Ermənistan və Azərbaycanı sülh sazişi üzərində işləməyə dəvət edib. Bunun ardınca isə 2014-cü il dekabrın 4-də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri xarici işlər nazirləri səviyyəsində Ermənistan və Azərbaycanı tezliklə sülh sazişi üzərində işləməyə çağıran bəyanatla çıxış etdilər. Azərbaycan hələ o zaman sülh sazişi üzərində işləməyə hazır olduğunu bəyan edib.

Amma Paris görüşündən dərhal sonra Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində rəsmi Yerevanın məlumatına görə, 46 min nəfərdən artıq şəxsi heyət və 5 mindən çox texnikanın iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçirildi. Bu təlimlərin nəticəsində Ermənistan tərəfindən məlum helikopter insidentinin yaranmasının provokasiya edilməsi danışıqlarda hər hansı irəliləyişin əldə olunmamasına və gərginliyin daha da artmasına xidmət etdi.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367801

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR