Azərbaycan xəstəliklərdən azad kartof toxumçuluğu yaratmaq istəyir

Azərbaycan xəstəliklərdən azad kartof toxumçuluğu yaratmaq istəyir
15:17 22 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Bu gün Bakıda BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Təşkilatının (FAO) texniki dəstəyi ilə həyata keçirilən “Azərbaycanda xəstliklərdən azad kartof toxumçuluğunun yaradılması Layihəsi"nin bağlanmasına həsr olunan yekun seminar keçirilib. 
"Report" xəbər verir ki, seminarda Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələrinin əməkdaşları, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu və onun müvafiq Zona Təcrübə Stansiyaları, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun nümayəndələri, eləcə də FAO-nun Azərbaycandakı nümayəndəsi Mustafa İmir və digər əməkdaşları iştirak ediblər.
KTN yanında Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov 2013-cü ildən Azərbacanda həyata keçirilən bu layihənin əsas məqsəd və vəzifələri, həmçinin toxumçuluq sektoruna verdiyi töhfədən bəhs edib.
Layihənin əsas məqsədi müasir kartof toxuma kulturası laboratoriyasını yaratmaqla virussuz kartof toxumçuluq sisteminin yaradılması və kartofçuluqla məşğul olan fermerlərin sağlam kartof toxumuna olan tələbatının yerli istehsal hesabına ödənilməsidir. Layihənin nəticəsi olaraq Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda biotexnologiya laboratoriyası yaradılıb və müasir avadanlıqla təmin edilib. İnstitutda yaradılmış şərait toxuma kulturası texnologiyasının tətbiqi ilə kartof yumrularının alınmasına və sürətlə çoxaldılmasına imkan verir.
Layihə çərçivəsində həmçinin Almaniya və Hollandiyadan gətirilmiş 19 məhsuldar kartof sortunun 3 aqroekoloji zonada sınağı həyata keçirilib və yerli şəraitə uyğun gələn məhsuldar sortlar seçilərək Dövlət Reyestrinə daxil edlmək üçün Dövlət sort-sınaq Komissiyasına təqdim edilib.
Kadr hazırlığı da layihənin əsas hədəflərindən biri olub. Məlumat verilib ki, layihə çərçivəsində tədqiqatçılar və mütəxəssislər üçün toxuma kulturası metodlarının tətbiqi, laboratoriya şəraitində virusların təyin edilməsi, sınaq nəticələrinin differensial təhlili mövzularında təlim kursları təşkil edilib və yerli kadr heyətinin potensialı artırıb.
FAO-nun nümayəndəsi M.İmir layihənin əldə etdiyi uğurlu nəticələr baxımından, Kənd Təsərrüfatı Nazirliyinin layihə fəaliyyətlərinin genişləndirilməsində maraqlı olduğunu və bu baxımdan FAO tərəfindən ölkəni əhatə edəcək xəstəliklərdən azad kartof toxumu istehsalı sistemin yaradılması ilə əlaqədar investisiya layihəsinin hazırlandığını nəzərə çatdırıb.
Seminarda müxtəlif mövzularda təqdimatlar edilib. Xüsusilə vurğulanıb ki, yaradılmış kartof toxumçuluğu sistemi ölkənin kartof toxumuna olan ehtiyacının yerli istehsal hesabına ödənilməsinə ciddi töhfə verəcək və idxaldan asılılığı azaldacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/ask/azerbaycan-xestliklerden-azad-kartof-toxumculugu-yaratmaq-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR