Bakı, 9 fevral, AzərTAc
Fevralın 12-də Bakıda “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclası keçiriləcək.
Energetika Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması strateji baxımdan dünya və region ölkələri üçün böyük əhəmiyyət kəsb edir. Ölkəmizin həyata keçirdiyi enerji layihələri regional əməkdaşlıqla yanaşı, beynəlxalq əməkdaşlığa da geniş imkanlar açır və bütün tərəfdaşların həmin layihələrdən bəhrələnmələrinə hərtərəfli imkanlar yaradır. “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında regionda bütün iri layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi əsas əhəmiyyətli rol oynayıb, yeni marşrut da, ilk növbədə, qaz tədarükləri mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlar açmağa böyük imkanlar yaradıb. Prezident İlham Əliyev layihənin strateji əhəmiyyətini yüksək qiymətləndirərək, eyni zamanda, enerji sahəsindəki əməkdaşlığı daha da dərinləşdirəcəyini əsas tutaraq “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının yaradılması təşəbbüsünü irəli sürüb. Azərbaycan Respublikası Prezidenti tərəfindən Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Azərbaycan Respublikasının Energetika Nazirliyinə tapşırılıb.
Məşvərət Şurasının cari ilin fevralın 12-də Bakıda planlaşdırılan ilk iclasında “Cənub Qaz Dəhlizi” layihəsinin icrası, idarə olunması, mövcud vəziyyəti ilə bağlı konkret tövsiyələr veriləcək. İclasda “Cənub Qaz Dəhlizi” layihəsinin iştirakçısı olan ölkələrin - Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstanının enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin, Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidentinin, Beynəlxalq Maliyyə Korporasiyasının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “bp-Azərbaycan” şirkəti, Trans Anadolu Boru Kəməri (TANAP), Trans-Adriatik Boru Kəməri (TAP) şirkətlərinin və digər beynəlxalq qurumların rəsmi nümayəndələrinin iştirakı nəzərdə tutulur.