Ən güclü güləşçilər Bakı İdman Sarayında müəyyənləşəcək

Ən güclü güləşçilər Bakı İdman Sarayında müəyyənləşəcək
18:53 22 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC 
Dekabrın 25-dən 27-dək Bakı İdman Sarayında böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə növbəti Azərbaycan çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışda 1997-ci il təvəllüdlü və yuxarı yaşlı idmançılar iştirak edəcəklər. Şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaq.
Dünya Güləş Birliyinin qaydalarına əsasən keçiriləcək çempionat Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunacaq. Sərbəst güləşçilər 57, 61, 65, 70, 74, 86, 97 və 125 kiloqram, yunan-Roma güləşçiləri isə 59, 66, 71, 75, 80, 85, 98 və 130 kiloqram çəki dərəcələrində qüvvələrini sınayacaqlar.
Proqrama əsasən, dekabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında ilk çəki prosesi həyata keçiriləcək. Sərbəst güləş üzrə yarışların keçiriləcəyi ilk gündə 57, 61, 65, 70, 74 kiloqram çəki dərəcələrində güləşçilər öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər. Dekabrın 26-da 86, 97 və 125 kiloqramda sərbəst, 59, 66, 71 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri, son gündə isə 75, 80, 85, 98 və 130 kiloqramda yunan-Roma güləşçiləri mübarizə aparacaq.
Çəki dərəcələri üzrə ilk üç yeri tutmuş idmançılar Azərbaycan Güləş Federasiyası tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunacaqlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/An_guclu_guleschiler_Baki_Idman_Sarayinda_mueyyenlesecek-913398

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR