Bakı, 23 dekabr, AZƏRTAC
Bakı Fond Birjasının (BFB) “BFB-də market meyker fəaliyyətinə dair daxili qaydalar”ına edilmiş əlavə/düzəlişlər qüvvəyə minib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, qaydalara edilmiş düzəlişlərə əsasən, birja üzvləri üçün Bakı Fond Birjasında səhmlər üzrə market meyker fəaliyyətinə olan tələblər sadələşdirilib. Eyni zamanda, səhm bazarında tələb-təklifi stimullaşdırmaq və bazarın likvidliyini artırmaq məqsədilə BFB-nin İdarə Heyətinin qərarı ilə market meyker tərəfindən təqdim edilən alış-satış kotirovkalarının minimal həcminin və qiymət dəhlizinin hər bir səhm buraxılışı üzrə ayrı-ayrılıqda müəyyən edilməsi qərara alınıb. Bundan irəli gələrək, “Holcim Azərbaycan” ASC-nin səhmləri üzrə market meyker kotirovkasının minimal həcmi və alış-satış kotirovkaları üzrə qiymət dəhlizi müvafiq olaraq 15 min manat və 5 faiz müəyyən edilib.
BFB-də market meyker fəaliyyətinə dair qaydaları və BFB-nin İdarə Heyətinin müvafiq qərarı birjanın internet saytının qayda və təlimatlar bölməsində yerləşdirilib.