Mərhum aktyorun ən böyük şikayəti

Mərhum aktyorun ən böyük şikayəti
00:41 24 Dekabr 2015
127 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 21-də dünyasını dəyişən tanınmış aktyor, əməkdar artist Ələsgər Məmmədoğlu ilə vida mərasiminin keçirilməməsi ictimaiyyət və aktyorun ailə üzvləri tərəfindən müsbət qarşılanmayıb.

ANS PRESS-in məlumatına görə, ömrünün yarıdan çoxunu incəsənətə həsr edən, yaratdığı hətta kiçik obrazları ilə belə xalqın sevgisini qazanan Ələsgər Məmmədoğlunun adi qaydada olduğu kimi evindən son mənzilə yola salınması ona qarşı hörmətsizlik kimi qarşılanır.

Aktyorun həyat yoldaşı Nazilə Mənsimovanın ANS PRESS-ə bildirdiyinə görə, vida mərasiminin keçirilməsi ilə bağlı ailəyə heç bir qurumdan məlumat verilməyib. Amma işlədiyi doğma sənət ocağı ilə, tamaşaçıları ilə vidalaşmaq Ələsgər Məmmədoğlunun da istəyi olub:

“Bizə heç kim heç nə demədi, təşkil olunmadı. İş yoldaşları hamısı gəlmişdi. Onun bütün həyatı Dram Teatrında keçmişdi, işinə çox bağlı idi. Rəhmətə getdiyi gün səhər hətta durub işə gedəcəyini israr edirdi. Əlbəttə onun arzusu olardı ki, onunla məhz səhnədə vidalaşsınlar” deyə aktyorun həyat yoldaşı vurğuladı.


Ələsgər Məmmədoğlunun dəfn günü



Ələsgər Məmmədoğlu ilə vida mərasiminin təşkil olunmaması ilə bağlı Milli Dram Teatrının rəhbərliyi ilə əlaqə saxladıq. Teatrın direktoru İsrafil İsrafilov kollektivin və şəxsən özünün Ələsgər Məmmədoğluna böyük hörmət bəslədiyini bildirərək, vida mərasimi ənənəsinin artıq köhnəldiyini, Sovet dövründən qalma bir adət olduğunu söylədi:

“Bu, şərti bir mərasimdir. İnsanı hörmətli etmək onun cənazəsi qarşısında 3-5 nəfərin çıxış etməsi demək deyil. Əsas onun xatirəsinin əbədiləşdirilməsi üçün bir iş görülməsidir. Teatr xəstəlik xəbəri çıxandan daim Ələsgərin yanında olub, hər bir köməyimizi əsirgəməmişik”



İsrafil İsrafilov - Milli Dram Teatrının direktoru



Gələn il fevralın 9-da Ələsgər Məmmədoğlunun 70 yaşı tamam olacaqdı. İsrafil İsrafilov bununla bağlı aktyorla planlarının olduğunu, benefis təşkil edəcəklərini xatırlayaraq çox təəssüfləndiyini dilə gətirdi. Amma teatrın rəhbəri aktyorun xatirəsinə hörmət olaraq onun yubiley tarixini qeyd edəcəklərini söylədi.

Əməkdar artistin vidasız dəfni ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin münasibəti isə qeyri-müəyyən oldu. Nazirliyin mətbuat xidmətinin rəhbəri Vüqar Şıxəmmədov bununla bağlı heç bir açıqlama verməyərək “nə məlumat lazımdırsa, Milli Dram Teatrından soruşun” dedi.

Səhhəti ilə bağlı noyabr ayında xəstəxanaya yerləşdirilən Ələsgər Məmmədoğlunda qaraciyər xərçəngi aşkarlanmışdı. Aktyor dekabrın 21-də axşam saatlarında evində dünyasını dəyişib.

Ələsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib.

Ə. Məmmədoğlu bir çox teletamaşalarda Şair ("Evləri köndələn yar" Anar), Milis ("Yaşıl eynəkli adam" V.Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi" K.Haldoni), Dəmir -qaya "Topal Teymur" H.Cavid), Narsatan ("Qatarda" İ.Məlikzadə), Gümrah ("Alov" M.Hüseyn) kimi obrazlar yaradıb. "Mozalan" satirik kino- jurnalının 20 -yə yaxın süjetinə çəkilən aktyor "Ömrun səhifələri" (Ələsgər), "Xoşbəxtlik qayğıları"(Əlövsət), "Bəyin oğurlanması" (Ələsgər), "Tehran -43" (Qulam Rza) və başqa bədii filmlərdə də maraqlı rolların ifaçısıdır.

O, 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.

Son vaxtlar tək Ələsgər Məmmədoğlu deyil, dünyasını dəyişən bir çox sənət adamları, aktyorlara qarşı biganə münasibət göstərilir. Onlar arasında keçən il dünyasını dəyişən Xanım Qafarova, bu il vəfat edən İlham Əsgərov, Gülnar Salmanova, Nuriyyə Əhmədova kimi sənət adamları da adi qaydada son mənzilə yola salınıb.

Bu məsələdə cavabdeh qurum olan Mədəniyyət və Turizm Nazirliyi isə bu məsələdə cavab verməyi lazım bilmir.

Qonşu ölkələrə nəzər salsaq, məsələn, elə müsəlman ölkəsi olan Türkiyədə dünyasını dəyişən sənətçilərə böyük ehtiram göstərilir. Türkiyədə vəfat edən sənət adamları üçün hansısa mədəniyyət ocağı ilə yanaşı, məscidlərdə vida mərasimləri təşkil edilir. Eləcə də bu il dünyasını dəyişən tanınmış simalar Zeki Alasya, Sırrı Elitaş, Gönül Ceylan kimi teatr və kino xadimlərinə müxtəlif məscidlərdə vida mərasimləri təşkil olunub.

Həyat və fəaliyyətini Azərbaycan teatr, kino sənətinə həsr edən incəsənət xadimlərinə münasibət ümumilikdə onların minlərlə tamaşaçısına, xalqa və ölkə mədəniyyətinə olan sayqının göstəricisidir. Bu sənət adamlarına nümayiş etdirilən biganəlik hazırda və gələcəkdə bu sənətə yiyələnən gənc nəsil üçün yaxşı heç nə vəd etmir.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367968

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR