Yaponiya hökumətinin qrant yardımı ilə Balakəndə növbəti layihə reallaşıb

Yaponiya hökumətinin qrant yardımı ilə Balakəndə növbəti layihə reallaşıb
18:08 24 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Balakən, 24 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində Balakəndə həyata keçirilən “Tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi” layihəsinin icrası uğurla başa çatıb. Layihənin məqsədi Balakən rayonunda tullantıların və təkrar istifadənin praktik olaraq davamlı şəkildə idarə olunmasını təmin etməkdir. Bu məqsədlə Balakən şəhərindən kənarda, Hənifə kəndinin ərazisində müvafiq infrastruktur inşa olunub.
AZƏRTAC xəbər verir ki, layihənin icrasının başa çatması münasibətlə dekabrın 24-də Balakən rayonunda tədbir keçirilib. Tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşı, rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Bildirilib ki, Yaponiyanın ölkəmizdəki səfirliyi ilə Balakən Rayon İcra Hakimiyyəti arasında əməkdaşlıq 2008-ci ildən davam edir. Qrant yardımı proqramı çərçivəsində indiyədək Balakən rayonunda bu layihə də daxil olmaqla, 3 layihə reallaşıb. Tibb və ekologiya sahələrini əhatə edən layihələrin ümumi dəyəri 300 min 137 ABŞ dolları təşkil edir.
Diqqətə çatdırılıb ki, icrası yenicə başa çatan bu layihə üzrə qrant müqaviləsi Yaponiya səfirliyi ilə Azərbaycan İcma İnkişafı, Tədqiqat, Təlim və Resurs Mərkəzi arasında 2015-ci il iyulun 30-da imzalanıb.
Balakən rayonuna növbəti səfərindən məmnunluq duyan səfir Tsuquo Takahaşi Yaponiya hökumətinin dəstəyi ilə həyata keçirilən layihələrin insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıdığını bildirib.
Sonra tədbir iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olub, tullantıların çeşidləndiyi bunkerlərə baxıb, yanma kamerasının iş prinsipini izləyiblər.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiya_hokumetinin_qrant_yardimi_ile_Balakende_novbeti_layihe_reallasib-914088

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR