"PAŞA Bank" 3 böyük məbləğli korporativ istiqraz emissiyasını uğurla həyata keçirdi

"PAŞA Bank" 3 böyük məbləğli korporativ istiqraz emissiyasını uğurla həyata keçirdi
15:23 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Ölkənin aparıcı banklarından olan "PAŞA Bank" broker və diler fəaliyyəti göstərən "PAŞA Kapital" şirkəti vasitəsilə ötən iki həftə ərzində 3 böyük məbləğli korporativ istiqraz emissiyasını uğurla həyata keçirdi.

"PAŞA Bank" "PAŞA Kapital" şirkətinin vasitəçiliyi ilə “Bakcell” şirkətinin 40 milyon AZN və AccessBank-ın 12 milyon AZN həcmli yerləşdirməsinin anderrayteri və market-meykeri qismində, Unibank-ın 20 milyon AZN məbləğində yerləşdirməsində isə market-meyker qismində çıxış edib. Eyni zamanda, bank gündəlik əsasda hər 3 istiqraz üzrə likvidlik və kotirovkaları təqdim etməyə başlayıb.

"PAŞA Bank" bu günə qədər 16 korporativ istiqraz yerləşdirməsində şirkətlərə uğurlu məsləhət və anderraytinq xidmətləri göstərib. Hər 3 şirkətin ötən illərdə emissiya etdikləri korporativ istiqrazların müddətləri dekabr ayında başa çatdı və şirkətlər bu müddətdə investorlar qarşısında götürdükləri öhdəlikləri vaxtında və tam olaraq icra etdilər. Fəaliyyət göstərdikləri sektorlarda lider olan şirkətlər güclü maliyyə vəziyyətləri və əldə etdikləri nailiyyətlərlə daim öz investorlarının inamını doğruldurlar. Bunun nəticəsi olaraq investorlarda ciddi etimad yaratmış şirkətlər yeni yerləşdirmələr zamanı istiqraz şərtlərini daha da yaxşılaşdırdılar. “Bakcell” şirkəti 2011-ci ildə emissiya etdiyi istiqraz üzrə 9.5% kupon faizi ödəyirdisə, yeni emissiya ilə bu faiz 9%-ə, “Unibank” 3 illik istiqraz üzrə 11% ödədiyi halda yeni emissiyanın şərtlərinə görə 2 il müddətinə 9.75%, “AccessBank” isə kupon faizi 9% qalmaqla emissiya həcmini 10 milyondan 12 milyon AZN-ə qaldırıb.

PAŞA Bank-ın İdarə heyətinin üzvü, baş investisiya inzibatçısı Taleh Kazımovun ilin son 2 həftəsi ərzində ümumi həcmi 72 milyon AZN olan 3 istiqraz yerləşdirməsinin Azərbaycan kapital bazarı üçün böyük həcm olmasına baxmayaraq, hər üç yerləşdirmənin uğurla nəticələndiyini qeyd edib:

“Biz daim emitentlərlə apardığımız danışıqlar zamanı kapital bazarlarına ilk dəfə daxil olarkən müəyyən yüksək faizlərin olmasından çəkinməmələrini tövsiyə edirik. Çünki investorlar kapital bazarlarına yeni daxil olan şirkətlərin maliyyə vəziyyətləri ilə yaxından tanış olmadıqları üçün müəyyən tərəddüdlər yaşaya bilirlər. Təbii ki, bunlar da kupon faizlərinə müəyyən təsir göstərə bilər. Ancaq investorlar emitentlərin mütəmadi olaraq açıqladıqları maliyyə hesabatları ilə tanış olduqca, vaxtlı olaraq öhdəliklərini icra etdikcə investorlarda emitentlərə qarşı bir güvən yaranır və növbəti emissiyalarda emitentlərin daha aşağı faizlə investorların qarşısına çıxmalarına kömək edir. Market-meyker və anderrayter olaraq çıxış etdiyimiz bütün emissiyalarda PAŞA Bank olaraq həm emitentlərin, həm də investorların maraqlarını daim qorumağa çalışırıq. Ölkə iqtisadiyyatına və Azərbaycan kapital bazarlarının inkişaf etməsinə daim dəstək olan PAŞA Bank investisiya bankçılığı istiqamətində öz fəaliyyətini daha da genişləndirəcəkdir. Fürsətdən istifadə edərək ölkəmizin kapital bazarlarının inkişafına dəstək olan bütün emitentlərimizi və investorlarımızı göstərdikləri dəstəyə görə təşəkkür etmək istərdik”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2349127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR