Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Füzuli rayonu üzrə nümayəndəsi, Horadiz şəhər, T.Mehdiyev adına 2 nömrəli tam orta məktəbin direktoru Ləman Əliyevanın təşəbbüsü ilə rayon məktəbliləri Horadiz şəhərində Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş “Vətən, səndən keçmək olmaz” adlı bədii kompozisiya keçiriblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya Təminatı sektorundan Trend-ə verilən məlumata görə, tədbiri açan Bilik Fondunun yerli nümayəndəsi L.Əliyeva Fondun Azərbaycanın şərəfli tarixinin təbliğində, Milli qəhrəmanlarımızın tanıdılmasında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında gördüyü işlərdən danışıb, həyata keçirilən layihələr haqqında geniş məlumat verib.

Tədbirdə Horadiz şəhər 1və 2 nömrəli tam orta məktəblərin şagirdləri Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş seir və kompozisiyalarla cıxış ediblər. İştirakçılara Mübarizin qəhrəmanlığını əks etdirən videolent nümayiş olunub.

Tədbirdə Füzuli rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi məsələlər üzrə müavini Kəmalə Məmmədova, təhsil şöbəsinin nümayəndəsi Elman Rzayev, Horadiz şəhər icra nümayəndəliyinin sədri Natiq Ağayev, Horadiz şəhər bələdiyyəsinin sədri Əli Cəlilov, Horadiz şəhər 1nömrəli tam orta məktəbin direktoru Hafiz Tahirov, müharibə veteranları və məktəblilər iştirak ediblər. Çıxış edənlər belə tədbirlərin şagirdlərin vətənpərvər ruhda böyuməsində, hərtərəfli inkişafında böyük rol oynadıgını vurğulayıblar və Bilik Fondunun belə layihələrini alqışladıqlarını bildiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az