İlham Əliyev yeni sərəncam imzaladı

İlham Əliyev yeni sərəncam imzaladı
14:36 11 Yanvar 2016
31 Şou
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Axşam.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir.

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.

Sərəncamda Nazirlər Kabinetinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təkliflərini nəzərə alaraq, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44005

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR