Linza taxarkən kor ola bilərsiniz - FOTO

Linza taxarkən kor ola bilərsiniz - FOTO
18:12 11 Yanvar 2016
28 Sosial
Ölkə mətbuatı
A- A+

Linza taxarkən hansı səhvdən qorunmalı?

Milli.Az oftalmoloq Fariz Sadıqovun Lent.az-a-a müsahibəsini təqdim edir.
 
- Müasir dövrdə gözlərdə yaranan problemlərin başlıca səbəblərindən biri  texnoloji vasitələrdir. İstərdim, öncə bu barədə danışaq. Hansı yaşlarda bu faktor daha təhlükəlidir?
 

- Yeni doğulan və 2 yaşa qədər uşaqları texnoloji vasitələrdən uzaq tutmaq lazımdır. Çünki beyin çox həssas dövrdədir, görmə mərkəzi yenicə inkişaf etməyə başlayır. Həddən artıq informasiya qəbulu gələcək inkişafa ciddi şəkildə mane olur. Zamanında müdaxilə olunmaması uzun müddət davam edən böyük problemlərə gətirib çıxara bilər. 2 yaşdan yuxarı uşaqların isə telefon, planşet kimi vasitələrdən istifadəsi məhdudlaşdırılmalıdır - gün ərzində yarım, maksimum bir saat. Çünki bütün gün ərzində gözləri yaxın məsafədə fokuslamaq ciddi şəkildə spazm əmələ gətirir. Bu da uşaqlarda görmə qüsurunun yaranmasına təkan verir. Tövsiyə edərdim ki, bu yaş qrupunda olan uşaqların qapalı mühitdə deyil, mümkün qədər açıq məkanlarda böyümələrinə şərait yaradılsın. Artıq yeniyetmə dövründə orqanizmdə sürətli inkişaf başlanır - boy, çəki artır, eyni zamanda göz nömrəsi də dəyişməyə həssas olur. 6-7 yaşında kompüterdən istifadə edən uşaqlarda digərlərinə nisbətən göz zəifliyinin olması ehtimalı daha çoxdur. Gün ərzində dərsliklər, üstəgəl, evə gəldikdə kompüterdən istifadə etdikdə fokuslanma norması ciddi şəkildə pozulur.

Daha yuxarı yaşlarda, işlə əlaqədar kompüter qarşısında oturmağa məcbur olan insanların ən sıx qarşılaşdığı problem göz quruluğudur. Ekranın şüası onsuz da mənfi təsirə malikdir. Diqqəti uzun müddət ekrana verdikdə isə göz qırpma sayı azalmağa başlayır. Göz dəqiqədə 20-25 dəfə qırpılır. Amma kompüterdən istifadə zamanı bu say 12-yə düşür. Ümumiyyətlə, gün ərzində insan gözünü 12 min dəfə qırpır. Lakin 8 saat kompüter qarşısında oturan insanın göz qırpma sayı 9 minə düşür. Günün sonunda da gözlərdə quruluq əmələ gəlir. Tövsiyə edirik ki, 20 dəqiqədən bir 20 saniyəlik ya gözləri yummaq, ya da uzağa baxmaq lazımdır. Bundan başqa, gözlərə birbaşa təmas edəcək cihazlar olmamalıdır - kondisioner, soba və s. Əgər məkanda hava çox qurudursa, hava nəmləndiricilərindən istifadə olunsun - havaya nəm buraxan xüsusi cihazlar var. Kombilərin üzərində bir qab su qoyaraq buxarlanmanı tənzimləmək olar. Həmçinin, açıq havaya çıxanda da gözləri qorumaq lazımdır. Bakı küləkli şəhərdir. Küləyin gözlərə vurması sulanmaya səbəb olur. Küləkli, tozlu, günəşli havada eynəklərdən istifadə olunmalıdır. Yaxşı olardı ki, filtrlər polaroiddən olsun, çərçivələrin isə mümkün qədər geniş olmasını tövsiyə edirəm.
 
- Ümumiyyətlə, körpələrdə göz problemləri yaranan zaman hansı halda əməliyyat mütləqdir? 
 
- Körpələrdə üzvi problemlər anadangəlmə katarakta, göz şişləri, buynuz qişa problemləridir. Bu problemləri olan göz inkişafdan geri qalır. Nə qədər tez müdaxilə olunsa, problem də zamanında həll olunar. Hər iki gözü katarakta olan uşaqları əvvəllər başqa cür əməliyyat edirdilər - öncə 1 gözü əməliyyat edirdilər, sağalandan sonra digərinə müdaxilə olunurdu. Müasir dövrdə hər iki gözü eyni gündə əməliyyat edib, eyni zamanda da açmaq olar. Bu zaman beyinə impuls eyni anda gedir. Qırma qüsurları (göz işığı düzgün qıra bilmir və nəticədə xəyallar beyinə dumanlı şəkildə göndərilir) və çəplikdən də danışmaq yerinə düşər. Beynin görmə mərkəzinin plastik dövrü 6 yaşa qədərdir. Qırma qüsuru olan gözü eynəklə bərpa etmək olar. Çəplik varsa və eynək də kömək etmirsə, əməliyyat lazımdır. Bu əməliyyatdan sonra eynək taxılmalıdır. Eynəkdən hansı müddətdə istifadə olunması isə uşaqdan asılıdır. Ümumiyyətlə, yüngül göz xəstəliyi 1 həftə, 10 günə sağalır. Elə xəstəliklər var ki, onları uzun müddət müalicə etmək lazımdır, elələri də var ki, ömür boyu davam edir.
 
- Linzalardan istifadə gözlərə nə kimi təsir göstərir?
 
- Linzalar çeşidinə və istifadə məqsədinə görə dəyişir. Xanımlar daha çox rəngli linzalardan istifadə edirlər. Amma qeyd etmək istəyirəm ki, şəffaf linzalara nisbətən rəngli linzalar daha az oksigen keçirir. Daha çox problemə, məsələn, göz qurumasına səbəb olur. Mütəmadi olaraq, göz linzalarından istifadə edənlər daim həkim nəzarətində olmalıdırlar. Linza oksigeni az keçirir, quruluq yaradır, infeksiyalara meyllilik əmələ gəlir. Linzaları kor-koranə istifadə etmək doğru deyil. Şəffaf, yəni optik linzalar isə oksigeni daha çox keçirir. Ümumiyyətlə, qeyd edim ki, linzalar görmə üçün rahat vasitədir. Həm qoruyucu funksiyası var, həm də görmə sahəsi genişdir. İdmanla məşğul olanlar linzalardan rahatlıqla istifadə edirlər. Düzgün istifadə olunarsa, xeyri var. Amma infeksiya riski 10-qat çoxdur. Gecələr çıxarmaq, təmizləmək lazımdır.
 
- Yeri gəlmişkən, linzaları gün ərzində neçə saat saxlamaq olar?
 
- Gün ərzində eynək istifadə edə bilmədiyi üçün linza taxmaq məcburiyyətində olanların axşamlar normal eynək taxmaları məsləhətdir. Bəzi insanlar gecələr də linza ilə yatır, aylarla gözlərindən çıxarmırlar. Bu, doğru deyil.
 
- Aylarla linzanı çıxarmamaq hər hansı narahatlığa səbəb olurmu?
 
- Bəzən heç bir narahatlıq olmur. Lakin birdən elə bir problem yaranır ki, onu aradan qaldırmaq çətinlik yaradır. Əgər iltihab buynuzlu qişaya zərər verirsə, bir iz - çapıq və s. qala bilər və gələcəkdə ciddi fəsadlar yarana bilər. Məsləhət görərdim ki, daimi həkim nəzarəti olsunlar. Problem vaxtında aşkar olunarsa, onu aradan qaldırmaq da bir o qədər asan olar. Əgər infeksiya irəliləyirsə, nəticə korluğa gətirib çıxara bilər.
 
- Hansı problemlər tamamilə korluğa səbəb ola bilər?
 
- Qeyd etmək lazımdır ki, korluğun müalicə olunan və müalicə olunmayan növləri var. Müalicə olunan korluğun ən geniş yayılmış səbəbi kataraktadır. Dünyada milyonlarla insan bundan əziyyət çəkir. Əməliyyat yolu ilə görməni qaytarmaq mümkündür. İnfeksiya bütün gözə yayıldığı zaman korluq yaranır. Müalicə edilsə, görmə bərpa oluna bilər. Əks halda, mənfi fəsadların əmələ gəlmə ehtimalı yüksəkdir. Əgər görmə qlaukomaya bağlı itirilibsə, müalicə olunmayan korluğa gətirib çıxarır. Buna görə də qlaukomanı zamanında aşkar edib, müalicə etmək lazımdır. Yaşlılarda damar problemləri ilə əlaqədar, şəkərli diabet xəstələrində, hipertoniklərdə, xolesterini çox olanlarda vaskulyar problemlərə bağlı olaraq tıxanmalar, qan sızmaları, yaxud travmalar korluğa səbəb ola bilər.
 
- Yolda kitab oxumaq gözlərə ziyandırmı?
 

- Titrəmənin çox olması gözləri çox tez bir müddətdə fokusu dəyişməyə məcbur edir. Bu, əzələlərdə yükləməyə və spazma gətirib çıxara bilər. Nəticədə göz, baş ağrıları, göz zəifliyi yarana bilər. Düzdür, bu fəsadlar aradan götürülə bilər. Güclü titrəmə şəraitində kitab oxumağı, telefon və s. bu kimi vasitələrdən istifadə etməyi məsləhət görmürük.
 
- Gözlərə ən çox təsir edən amillərdən biri də işıqdır...
 
- İşıq gözlərə düz bucaq altında düşməməlidir. Yaxşı olardı ki, divar, yaxud tavandan düşsün. Bu halda gözlər daha rahat olur. Daimi işıq fototoksik təsirdir, göz bülluruna, göz dibinə ciddi problemlər yaradır. Çox gur işıq görmə mərkəzini yandıra, korluğa səbəb ola bilər. Özəlliklə, qapalı məkanlarda işıqlandırmaya xüsusi diqqət etmək lazımdır.
 
- Bəzən gözlərdə qaralma olur. Bu, hər hansı göz xəstəliyinin əlaməti ola bilərmi?
 
- Əgər gözlərdəki qaraltı sırf göz xəstəliyi ilə əlaqədardırsa, açılmır. Əgər qaralma müvəqqətidirsə, bu, bir neçə səbəblə əlaqədar ola bilər - təzyiqi aşağı olan insanlar qəfil hərəkət etdikdə, arıqlamaq istəyənlər pəhrizə düzgün riayət etmədikdə, immuniteti aşağı olanlarda, qan beyinə lazımi qaydada çatmayanda bir anlıq qaraltılar müşahidə olunur. Bu məsələdə yaş faktoru mühüm rol oynayır. Yaşlı insanlarda gözlərdə ani qaralma olursa, ürək-damar, beyin sistemi, boyun damarları mütləq müayinədən keçirilməlidir. Damarlarda daralma, tromb, işemiya varsa, daha ağır fəsadlara gətirib çıxara bilər. İnfarkt, insult təhlükəsi ola bilər. Belə bir şikayət varsa, həkimə müraciət olunmalıdır.
 
- Ümumiyyətlə, gözlərdə ciddi problemin olduğunu hansı əlamətlərdən bilmək olar?
 
- Sulanma, işığa baxa bilməmə, ağrı, görmə zəifliyi, görüntünü aydın qəbul etmədə zəiflik, qızartı varsa, həkimə müraciət etmək lazımdır.    
 
- Şəkərli diabet xəstəliyi də gözlər üçün ciddi fəsadlar yaradır. Müalicə olunarsa, görməni bərpa etmək mümkündürmü?
 

- Mühüm məqam xəstənin vəziyyəti ilə bağlıdır. Şəkər, təzyiq, xolesterolun vəziyyəti, pəhrizə riayət olunub-olunmaması... Şəkərli diabet xəstələrində gözlərdə problem yaranıb-yaranmaması 70% bu amillərdən asılıdır. Xəstə sadalanan məqamlara diqqət etmirsə, müalicə az fayda verir. Şəkərli diabet xəstələri il ərzində mütləq göz dibi müayinəsindən keçməlidirlər. 30-40 il bu xəstəlikdən əziyyət çəkənlərdə göz problemi olmaya bilər. Amma elə xəstələr də var ki, 3-4 il ərzində gözlərdə ciddi problem yaranır. Səbəb şəkərə nəzarət olunmamasıdır.
 
- Əməliyyat mütləqdirmi?
 
- Yüngül və orta dərəcəli şəkərli diabetik retinopatiyalarda gözlərə təsir varsa, öncə arqon lazer və xüsusi iynələr tətbiq olunur. Daha ağır formalarda isə müalicə fayda vermir. Bu zaman əməliyyat həyata keçirilir. Amma bu əməliyyat sadə olmadığı üçün xəstəni mümkün qədər müalicə etməyə çalışırıq.
 
- Toyuq korluğunun müalicəsi varmı?
 
- Təəssüf ki, yox. Bu, irsi ötürülən bir xəstəlikdir. Göz dibində ödəm, mirvari suyu, katarakta əmələ gəlir. Müalicə ümumi vəziyyəti yaxşılaşdırmaq üçün aparılır, amma bu problemi tamamilə aradan qaldırmaq mümkün deyil.
 
- Toyuq korluğu günün işıqlı saatlarında hər hansı şəkildə özünü büruzə verirmi?
 
- Bəli. İnsan yeriyə bilmir. Toyuq korluğundan əziyyət çəkənlərin bəziləri işığı belə, görə bilmir.
 
- Məlumdur ki, bəzi dərman preparatlarının qəbulu da gözlərə zərər verə bilər... 
 
- Hormonal dərmanlar, astma xəstələrinin istifadə etdiyi inqalyatorlarda, revmatizm xəstələrinin uzun müddət istifadə etdiyi preparatların tərkibində olan steroidlər gözlərə zərər verə bilər. Hətta gənc yaşlarda belə mirvari suyu, qlaukoma, göz təzyiqinin artmasına səbəb ola bilər. Damcı ilə müalicə etmək də mümkündür. Əməliyyat da etmək olar. Vəziyyətdən asılıdır. Bəzi insanlarda göz bucağı dar olur. Antidepressantlar, urologiyada, daha dəqiq desək, prostat problemi olanların istifadə etdiyi dərmanlar göz bucağının daha da daralmasına səbəb olur və nəticədə göz təzyiqi artır. Buna görə də bəzi xəstəliklər zamanı dərmanlar təyin olunmadan öncə göz müayinəsi həyata keçirilir. 

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/396987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR