Cadugər və falçılara "qarşı kampaniya"

Cadugər və falçılara "qarşı kampaniya"
23:12 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

İraq Daxili İşlər Nazirliyi ölkə boyunca kəskin artmaqda olan cadugərliyə və falçılığa qarşı kampaniyaya başladığını elan edib.

Media mənbələri bidlirirlər ki, iraqlılar özlərinin peşə, ailə və hətta hərbi problemlərinin həlli üçün cadugərlərə daha çox müraciət etməyə başlayıblar.
İraq sehrbazlarının verdiyi məlumata görə, ölkədə 5 mindən çox falçı var və onlar öz duaları və tilsimləri üçün minlərlə dollar haqq alırlar.

"Güllədən qoruyan tilsim 1000 dollara"

Iraq DİN bəyan edib ki, "şarlatan falçılara qarşı kampaniyaya başlayır". Nazirlik sehrbazları ölkənin çətin durumundan sui-istifadə etməkdə ittiham edir.
Nazirlik mediaya bildirib ki, falçılıq ölkə qanunları ilə qadağan edilib və fırıldaqçılıq əməli sayılır. DİN bunu da əlavə edir ki, qara magiya və falçılığın kökü yalnız vətəndaşların iradəsi ilə kəsilə bilər.
Milli.Az BBC-yə istinadən bildirir ki, buna baxmayaraq, belə görünür ki, falçılıq çox sayda insanı öz cazibəsinin əsiri edə bilib. Əl-Ərəbi əl-Cədid qəzeti yazır ki, bazarda satışda olan tilsimlərdən ən bahalısı "güllədən qoruyan tilsimdir" və 1000 dollara satılır.
Qəzet yazır ki, belə tilsimləri yaxalarından siyasətçilər və hərbçilər də asırlar.

"Qara magiya"

"Qara maqlar"dan başqa İraqda "türkəçarələrin və cindarların" da bazarı genişlənib. Belə "təbib"lərdən biri - Əbu-Kərar əl-Kinani Əl Sumariya telekanalına deyib ki, cadugərliklə təbiblik arasında ciddi fərq var. Belə ki, xalq həkimləri öz müalicələrində Quran ayələrindən və Allahın adından istifadə edirlər.
Lakin Daxili İşlər Nazirliyinin rəsmisi Məhəmməd əl-Musəvi mediaya deyib ki, bir çox falçılar din pərdəsi altında gizlənməyi xoşlayırlar.
Bununla belə, falçı Əbu Rəhman əl-Suhani israr edir ki, falçılıq şəriət qanunlarını pozmur.

"Yəhudi gürzəsi" nədir?

Bu da məlumdur ki, bütün narahatlıqlara baxmayaraq cadugərlik və falçılıq sərfəli biznes sayılır. Bağdadda yaşayan nəbatatçı Müzəffər əl-Übeydi Əl-Ərəbi əl-Cədid qəzetinə deyib ki, türkəçarə həkimlərin artması onun dərman otları bazarını da faydalandırıb.
"Bəzən mənə elə bitki sifariş edirlər ki, məəttəl qalıram. Sonra müştəri deyir ki, filan falçı istəyib" - deyir əl-Übeydi. Diyala əyalətindəki ilantutanlar Əl-Sumariya telekanalına deyiblər ki, "yəhudi gürzəsi" kimi tanınan ilanın bir dənəsini min dollara alırlar.
Yerli cadugər Əbu-Vəfa deyir ki, "yəhudi gürzəsi"ndən adətən ər-arvad arasına nifaq salmaq və başqalarına fiziki xəsarət yetirmək üçün istifadə olunur.

"Mədəniyyətin deqradasiyası"?

"Cadugərliyin və falçılığın yayılmasına səbəb cəmiyyətin nadanlığıdır" - deyib İraq Vətəndaş Həmrəyliyi Təşəbbüsündən Samir Məhəmməd.
Onun fikrincə, ölkədə 2003-cü il ABŞ müdaxiləsinin ardınca qol-qanad açmış savadsızlıq və qanunsuzluq, habelə əmin-amanlığın və iqtisadiyyatın pozulması meydanı cadugərlərə verib.
Sehrbaz Fadi Faris özünün Facebook səhifəsində yazır ki, o, universiteti mühədis ixtisası ilə bitirib uzun müddət iş tapa bilmədikdən sonra çox sərfəli olan sehrbazlığa keçib. Bunun üçünsə nə savad, nə də diplom tələb olunmurdu, yazır Faris. O sehrbazlığın populyarlaşmasını "kəskin mədəniyyət deqradasiyası" ilə izah edir.
Onun fikrincə, adamlar dinlə cadugərlik arasındakı fərqi itiriblər.
İraq QHT-lərindən birinin rəhbəri Sumayah Hişam isə deyir ki, İraqdakı sehrbazlığın tarixi kökləri qədim Mesopotamiyaya gedib çıxır.
O da bu qənaətdədir ki, adəmların qədim sehrlərə qayıtması artan yoxsulluqdan və sabaha ümidsilikdən qaynaqlanır. Sehrbazlar sadəcə olaraq adamların bədbəxtliyindən və avamlığından sərvət qazanırlar.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/397899.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR