Qaz hasilatı “Şahdəniz” üzrə 10,1, AÇG üzrə isə 12,9 milyard kubmetr proqnozlaşdırılıb

Qaz hasilatı “Şahdəniz” üzrə 10,1, AÇG üzrə isə 12,9 milyard kubmetr proqnozlaşdırılıb
10:48 15 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
2016-cı il üzrə proqnozlaşdırılan qaz hasilatı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) üzrə 6,3, “Şahdəniz” üzrə 10,1, Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku üzrə isə 12,9 milyard kubmetr civarında müəyyənləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyevin “Respublika” qəzetində dərc olunan məqaləsində deyilir. Bildirilir ki, Azərbaycanın yanacaq-enerji kompleksinə qoyulan böyük həcmli investisiyaların və müasir texnologiyaların tətbiqi 2015-ci ildə neft hasilatında sabitliyi, qaz hasilatında isə artımı təmin edib. Keçən il respublikada 40,7 milyon ton proqnoza qarşı 41,6 milyon ton neft hasil edilib. Hasil olunan neftin 31 milyon tonu (867,0 min ton proqnozdan çox) AÇG yataqlar blokunun, 2,3 milyon tonu “Şahdəniz”in (kondensat), 8,2 milyon tonu isə SOCAR-ın payına düşüb.
Ötən il Azərbaycandan 36,9 milyon tonu konsorsiuma, 1,2 milyon tonu SOCAR-a məxsus 35,1 milyon ton neft ixrac edilib. Gündəlik ötürmə gücü 1,2 milyon barrel olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə hazırda AÇG nefti və “Şahdəniz” kondensatından əlavə Türkmənistan və Qazaxıstan mənşəli neft də nəql olunmaqdadır.
Azərbaycanda ümumi qaz hasilatı isə 2015-ci ildə 29,1 milyard kubmetr həcmində qərarlaşıb. Bunun 22,2 milyard kubmetri AÇG (12,3 milyard kubmetr) və “Şahdəniz” (9,9 milyard kubmetr) yataqlarının payına düşür. Beləliklə, “Şahdəniz” yatağından ötən il üzrə nəzərdə tutulandan 14,2 milyon kubmetr artıq təbii qaz çıxarılıb. Hazırda Azərbaycanda gündəlik, təqribən, 120 min ton neft və 89 milyon kubmetr qaz hasil edilir ki, bu da dənizdə və quruda istismar edilən yataqlardan, həmçinin xarici şirkətlərlə birgə işlənən “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” və “Ümid” yataqlarından əldə olunur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qaz_hasilati_Sahdeniz_uzre_101_ACHG_uzre_ise_129_milyard_kubmetr_proqnozlasdirilib-918656

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR