Ukrayna Rusiyaya sübut etdi

Ukrayna Rusiyaya sübut etdi
18:41 15 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin dəmiryolu marşrutu üzrə ilk sınaq reysi Odessa vilayətindəki İliçevski limanından həyata keçirilib.

Konteyner qatarının yola salınma mərasimində Ukraynanın infrastruktur naziri Andrey Pivovarskiy, iqtisadi inkişaf naziri Ayvaras Abromaviçus, baş nazirin müavini Gennadi Zubko, Odessa rayon administrasiyasının rəhbəri Mixail Saakaşvili kimi rəsmilər iştirak edib.

Bu layihənin reallaşmasının zəruriliyindən danışan Mixail Saakaşvili marşrutla bağlı fikirlərini bölüşərək bu barədə ilk müzakirələri Azərbaycan prezidenti ilə apardığını vurğulayıb.

“2014-cü ildə mən artıq Gürcüstan prezidenti olmayanda bu məsələnin ətrafında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə müzakirə etmək imkanım oldu. Biz danışdıq ki, Ukrayna marşrutunu işə salmaq lazımdır. Onda hələ mən Ukraynaya gəlməmişdim. Amma mən inanırdım ki, bu marşrut çox perspektivlidir”, - deyə Saakaşvili bildirib.



Mixail Saakaşvili - Odessa rayon administrasiyasının rəhbəri


Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin dəmiryolu marşrutunun uzunluğu 5471 km-dir.

Bu marşrut “İpək yolu”nun yeni istiqaməti olacaq və Rusiyadan yan keçməklə Ukraynadan yüklərin Mərkəzi Asiya bazarına alternativ olaraq çatdırılmasına xidmət edəcək. Bura Qara və Xəzər dənizindəki bərələr daxildir ( Odessa- Batumi və Ələt – Aktau-Port) və o, ənənəvi quru marşrutu ilə müqayisədə rəqabətli olmalıdır.





Yanvarın 14-də Ukrayna, Azərbaycan, Qazaxıstan və Gürcüstan rəqabətqabiliyyətli, güzəştli tariflərlə yük daşınması üçün bu nəqliyyat marşrutu üzrə protokolu imzalayıb.

Ukraynanın baş naziri Arseniy Yatsenyuk da sosial şəbəkədə marşrutla bağlı fikrini bölüşüb. O, Ukraynadan Asiyaya Rusiyadan yan keçməklə yüklərin daşınması baxımından bu marşrutun işə düşməsini yüksək qiymətləndirib.

“Moskvanın sanksiyalarına baxmayaraq, artıq Ukrayna və Avropa malları Asiyaya çatdırılacaq. Rusiyanın nəqliyyat və ticarət qadağası belə bizim yüklərin Asiya bazarına çıxmasına əngəl ola bilməyəcək” deyə Yatsenyuk vurğulayıb.



Arseniy Yatsenyuk - Ukraynanın baş naziri


Yanvarın 1-dən Rusiya Ukrayna mallarının öz ərazisindən tranzitinə qadağa qoyub. Rəsmi Kiyev isə bildirib ki, hazırda Rusiya vasitəsilə yüklərin tranziti faktiki olaraq dayandırılıb və bu səbəbdən Ukrayna tranzit yük daşımalarını Belarus ərazisindən həyata keçirəcək.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369818

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR