20 Yanvar faciəsi qurbanlarının xatirəsi Ər-Riyadda yad olunub

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Ər-Riyadda yad olunub
20:43 16 Yanvar 2016
75 Digər
Ölkə mətbuatı
A- A+


Ər-Riyad, 16 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım mərasimi təşkil edilib.
Xarici qonaqların, ziyalıların, iş adamlarının, Səudiyyə Ərəbistanında yaşayan həmvətənlərimizin və KİV nümayəndələrinin iştirak etdikləri mərasim Azərbaycanın azadlığı uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Səfir Rasim Rzayev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusu tərəfindən Azərbaycanda törədilmiş faciə və ölkəmizin azadlığı uğrunda küçələrə çıxmış dinc sakinlərə qarşı törədilmiş hərbi cinayətlər haqqında məlumat verib. Bu qanlı hadisənin bəşəriyyətə qarşı cinayət olduğunu qeyd edən səfir günahsız insanların qətli ilə nəticələnmiş 20 Yanvar faciəsinin cinayətkar sovet imperiyası rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinin nəticəsi olduğunu deyib. Diplomat bu faciəli günlərdə şəhid olan və yaralananlar arasında azyaşlı uşaqların və qadınların olması, əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edilməsi faktlarını iştirakçıların diqqətinə çatdırıb. R.Rzayev baş vermiş faciədən dərhal sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək ilk dəfə bu hadisəni törədən cinayətkarların adlarını açıq şəkildə bəyan etdiyini xatırladıb. O, ölkə rəhbərliyi tərəfindən 20 Yanvar şəhidlərinin ailələri üçün müvafiq təqaüdlərin ayrılmasının, onlara xüsusi qayğı və diqqət göstərilməsinin əhəmiyyətindən söhbət açıb. Səfir Qanlı Yanvar hadisələrinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildirib.
Səfirliyin birinci katibi Mehdi Abdullayev və üçüncü katibi İmran Sadıxov 20 Yanvar hadisələri zamanı keçmiş sovet qoşunları tərəfindən törədilmiş vəhşiliklərdən söhbət açıb, Vətənimizin azadlığı yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını diqqətə çatdırıblar.
Səudiyyə Ərəbistanında yaşayan həmvətənlərimiz Rüfət Tanrıverdiyev və İfrat Bəkirov 20 Yanvar hadisələri ilə bağlı xatirələrini bölüşüb, faciənin Azərbaycan xalqının tarixində əsarətə və zülmə qarşı şərəfli mübarizə günü kimi qalacağını qeyd ediblər.
Tədbirin sonunda ingilis dilində “20 Yanvar” sənədli filmi nümayiş etdirilib. İştirakçılar faciənin ildönümü ilə bağlı səfirlikdə yaradılmış xüsusi fotoguşə və 20 Yanvar hadisələrinə dair materiallar, eləcə də “İRS” jurnalının xüsusi buraxılışı ilə tanış olublar.
Daha sonra Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin 1990-cı il 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar bəyanatı oxunub.
İyirmi Yanvar faciəsi ilə əlaqədar səfirlik tərəfindən hazırlanmış press-reliz, insan hüquqları üzrə müvəkkilin bəyanatı Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinə, Ər-Riyadda yerləşən diplomatik missiyalara və Ciddə şəhərində fəaliyyət göstərən İslam Əməkdaşlıq Təşkilatına göndərilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_faciesi_qurbanlarinin_xatiresi_Ar_Riyadda_yad_olunub-919181

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR