Tokio, 19 yanvar, AZƏRTAC
Yaponiya nazirləri dünya bazarlarında xam neftin qiymətinin düşməsi və fond bazarlarının çökməsindən narahatlıqlarını bildiriblər.
Yaponiyanın iqtisadi bərpa naziri Akira Amari yanvarın 19-da bildirib ki, neftin aşağı qiyməti ilə kotirovkaların düşməsi arasında sıx əlaqə var.
Nazir deyib ki, xam neftin qiymətinin enməsi hasilatçı ölkələrin iqtisadiyyatına mənfi təsir göstərərək onları yapon şirkətlərinin səhmləri də daxil olmaqla, maliyyə aktivlərini satmağa məcbur edir.
A.Amari, həmçinin bildirib ki, əgər neftin qiyməti enməkdə davam edərsə, bu, yapon iqtisadiyyatına da mənfi təsir göstərəcək.
Maliyyə naziri Taro Aso isə Qərb ölkələri sanksiyaları ləğv etdikdən sonra İranın neft hasilatını artırmaq barədə planlarına münasibət bildirib. T.Aso vurğulayıb ki, Tehranın bu addımı bazarda təklifin artmasına və neftin qiymətinin enməsinə təsir göstərəcək. Nazir, eyni zamanda, bildirib ki, hay-küyə ehtiyac yoxdur, çünki hazırda yapon şirkətləri və ümumilikdə ölkə iqtisadiyyatı yaxşı vəziyyətdədir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio