Bakı, 19 yanvar, AZƏRTAC
Rəqabətqabiliyyətli sənaye məhsullarının və avadanlıqlarının istehsalına dövlət tərəfindən müxtəlif mexanizmlər vasitəsilə dəstək göstərilir. Azərbaycanda investisiya fəaliyyətinin həyata keçirilməsində həm yerli, həm xarici şirkətlər maraqlıdır. "AzeriSteel" İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 10 milyon manat güzəştli krediti hesabına ölkəmizdə mürəkkəb metal konstruksiyalar istehsalı sahəsində aparıcı şirkətlərdən birinə çevrilib. "AzeriSteel" şirkətinin neft-qaz və kimya avadanlıqları layihəsinin təqdimatı Azərbaycanda qeyri-neft sahəsinin inkişafı istiqamətində atılan mühüm addımlardandır.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov jurnalistlərə müsahibəsində bildirib.
"Ümumiyyətlə, son illər Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 981 milyon manat olan 130-dan çox müasir sənaye layihəsinin maliyyələşdirilməsinə 410 milyon manatdan çox güzəştli kredit ayrılıb. Bu müəssisələrdən 115-i artıq istifadəyə verilib", - deyə N.Səfərov diqqətə çatdırıb.