Mingəçevir, 19 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir şəhərində 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatında “20 Yanvar faciəsi Azərbaycanın qəhrəmanlıq salnaməsidir” mövzusunda keçirilən elmi-nəzəri konfransda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov 1990-cı il yanvarın 20-də baş verən hadisələrin Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şərəfli səhifəsi olduğunu vurğulayıb. Şəhidlərimizin xatirəsinin daim ehtiramla anıldığını qeyd edən C.Yusubov ulu öndər Heydər Əliyevin həmin faciəli günlərdə xalqı ilə birgə olduğunu, sovet imperiyasının törətdiyi terror hadisələrinə qəti etiraz etdiyini diqqətə çatdırıb.
Konfransda YAP fəalları və gənclər 20 Yanvar hadisələri ilə bağlı məruzə ediblər.
Sonda 20 Yanvar hadisələrindən bəhs edən film nümayiş olunub.